Sizin reklam burada
Sizin reklam burada

Anti-Azərbaycan enerji lobbisinin Avropa Parlamentinə təsiri: Fransadan İrana uzanan caynaq

Anti-Azərbaycan enerji lobbisinin Avropa Parlamentinə təsiri: Fransadan İrana uzanan caynaq


Avropa Parlamenti Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bundan məsuliyyət daşıyanlara sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağıran qətnamə qəbul edib.

Qətnamədə “Azərbaycanın beynəlxalq öhdəlikləri dəfələrlə pozduğunu” əsas gətirərək, Avropa İttifaqını Azərbaycan ilə münasibətlərini, o cümlədən enerji sahəsində “strateji tərəfdaşlığını” yenidən nəzərdən keçirməyə, Azərbaycan qazından asılılığın azaldılmasına çağırılır.

Qeyd olunur ki, Aİ Azərbaycan qazından asılılığını azaltmalı, Bakı və Yerevan arasında münasibətlərin yenidən gərginləşdiyi təqdirdə isə bu ölkədən neft və qaz idxalını tamamilə dayandırmalıdır.

Qətnamənin özü və maddələri haqda geniş şərhlər dərc olunur. Biz Azərbaycanın Aİ ilə enerji sahəsində strateji tərəfdaşlığını hədəfə alan çağırışın üzərində fokuslanacağıq.

Bu çağırış xeyli dərəcədə şantaj xarakterlidir, bir müddətdir ki, ABŞ və Avropadakı İran və erməni lobbiləri Azərbaycanı alternativ enerji mənbəyi statusundan məhrum etmək və ya ümumən İranın Azərbaycanı bu rolda əvəzləməsinə dair kampaniya aparılır.

“Newsweek “ jurnalı hələ ötən ayın sonlarında ABŞ-ın Azərbaycan neftinə sanksiya qoya bilmə ehtimalından yazırdı. Erməni əsilli müəllif tərəfindən qələmə alınan yazıda deyilirdi: “Qərb liderlərinin Azərbaycanın güclü tərəfdarı olan Türkiyə və İsrailə sülhə möhkəm sadiq qalmaları üçün təsir göstərə bilməsi tamamilə kritik olacaq. Əgər bunu edə bilmirlərsə, Qərb hökumətləri Azərbaycandan neft və qaz ixracına embarqo tətbiq etməyi ciddi şəkildə düşünməlidirlər. Eyni zamanda Ermənistana iqtisadi dəstək verilməlidir ki, İrəvan hökuməti daha çevik iqtisadiyyat qura, Rusiyanın orbitindən uzaqlaşa bilsin”.

Bu baxımdan Çinin bölgədəki təsirini zəiflətmək üçün iqtisadi və yumşaq gücündən istifadə edən ABŞ-ın Vyetnamla son razılaşması nümunəsi xatırladılırdı. “Newsweek”-ə görə, belə bir razılaşma, hətta daha kiçik miqyasda olsa belə, İranın təklif etdiyi istənilən dəstəyə rəqib ola bilər və Rusiyanın çökməkdə olan maliyyə sisteminə buxovlanmadan inkişaf edən Ermənistan iqtisadiyyatını yarada bilər. Nəhayət, əgər ABŞ Qafqazda təhlükəsizlik boşluğunu doldura bilməsə, bölgədəki güclərini zəiflətməklə yanaşı, yeni faciələrə də qapı açacaq. Yazı İran KİV-lərində geniş təbliğ edilir, Qərbin enerji təchizatında İranın Azərbaycanı əvəz edə bilməsi haqda eyforiya da yaşanırdı.

Ayın əvvəlində “Azadlıq radiosu”nun rus xidməti (Svobada) Azərbaycanın Avropaya başqa istiqamətdə “hücum”unu dayandırmaq zərurəti haqda araşdırma təqdim etmişdi. Yenə də erməni əsilli müəllif bildirirdi ki, Azərbaycan son vaxtlar öz “xammal təsirini” Mərkəzi Avropa və Qərbi Balkanlara uğurla genişləndirir. Belə ki, prezident İlham Əliyevin ötən ilin payızında və bu ilin yazında Avropanın bir sıra ölkələrinin paytaxtlarına çox da reklam olunmayan səfərləri maraqlı nəticələr verib. Ötən ilin noyabrında Tiranada Əliyev Albaniyanın paytaxtında Azərbaycan səfirliyinin açılması və yeni istilik elektrik stansiyası üçün Albaniyaya 200 milyon m³ qaz tədarükü barədə qərar qəbul etdiyini açıqlayıb: “Dekabrda Azərbaycan lideri Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçdən eşitmişdi ki, Əliyev və onun ölkəsi “tək bizim üçün deyil, hamı üçün etibarlı tərəfdaşdır... Biz sazişlər imzalamalıyıq, lakin İlham Əliyevin sözü kifayətdir”.

Aprel ayında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Zeljka Cvijanovic ilə görüşündən sonra Sarayevoda iki ölkə arasında strateji tərəfdaşlığa dair razılaşma ortaya çıxdı. Sözügedən dövr ərzində Azərbaycan dövlət başçısı Bolqarıstan və Rumıniya prezidentləri, Xorvatiya və Monteneqronun baş nazirləri ilə də danışıqlar aparıb, Macarıstanın Baş naziri Viktor Orbanla iki görüşü də olub: “Əliyevin region ölkələrinin rəhbərliyi ilə danışıqlarının gündəliyinə təkcə qaz məsələləri deyil, həm də siyasət daxildir. Azərbaycan prezidenti Kosovo probleminin həllində əlavə gizli vasitəçi kimi seçilib”.

Maraqlıdır ki, Albaniya-Azərbaycan əlaqələri də İran tərəfdən xüsusi qısqanclıqla qarşılanır, bunu rejimə müxalif olan “Mocahadane Xəlq”i dəstəkləmək məqsədi güddüyü iddia olunurdu. Halbuki Albaniya tərəfi “mücahidləri” artıq öz ərazisindən çıxarmağa başlayıb. O zamankı yazılarda İranın Tirana-Bakı əlaqələrində gizli alt məzmun axtarmasının kökündə Avropaya enerji ixracını əngəlləmək təşəbbüsü ola biləcəyini qeyd etmişdik.

Azərbaycanın dünya enerji bazarında uğurlarını həzm edə bilməyən rəqiblərimiz bizi köhnə ağrılı nöqtədən – insan hüquqları mövzusundan vurmağa həvəsləndirir. Belə bir rəqabət şəraitində Qarabağda “etnik təmizləmə” haqda yaradılmış süni hay-küy rəqiblər üçün göydəndüşmə fürsətdir.

Ursula fon der Leyenin Bakıya səfərindən dərhal sonra müxtəlif partiyalara mənsub 50 fransız siyasətçisi açıq məktub imzalayara xəbərdarlıq edirdilər: “Avropa Komissiyasının sədrinin Azərbaycanı qaz təchizatçısı kimi seçməsi Avropa İttifaqını zəiflədir”.

Hələ Qarabağ münaqişəsinin Bakı üçün qalib gələn indiki mərhələsi başlamamışdan əvvəl yazılmış məktub müəlliflərinin fikrincə, İlham Əliyev rejimi qaz satışından əldə olunan gəlirləri Dağlıq Qarabağda daha da silahlanmaq və vəziyyəti gərginləşdirmək üçün istifadə edir.

“Bankwatch Network” qeyri-hökumət təşkilatının qaz mütəxəssisi Qliqor Radecic “Svobada”ya açıqlamasında iddia etmişdi ki, Aİ-nin Azərbaycanla razılaşması həm Aİ-nin öz iqlim məqsədlərinə, həm də insan hüquqları standartlarına ziddir. “Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya direktoru Filipp Dam isə xəbərdarlıq edirdi ki, Avropa Azərbaycanla tərəfdaşlıqda insan haqlarını birinci yerə qoymaq üçün böyük fürsəti əldən verib. O bildirirdi ki, Aİ-Azərbaycan sazişi hökumətə fayda verir, lakin insan hüquqlarının heç bir müdafiəsinə zəmanət vermir. Çünki "Azərbaycanda müstəqil fəallıq, tənqidi jurnalistika və müxalif siyasi fəaliyyət faktiki olaraq aradan qaldırılıb".

Fransalı jurnalist, “Le Monde” qəzetinin Moskvadakı keçmiş müxbiri, hazırda Avropa Parlamentinin üzvü Bernard Guetta Qarabağ münaqişəsinin nəticələrinə münasibət bildirərək yazırdı: “Birgə səylərimiz sayəsində bunu dərk etməklə başlamalı deyilikmi? Biz artıq Bakı neftindən asılı deyilik və Azərbaycanı erməni azlığının bütün hüquqlarına hörmət etməyə məcbur edə bilərik, çünki Bakıya bizim pulumuz lazımdır”.

Göründüyü qədər, təşəbbüs ilk əvvəldən fransız siyasətçiləri tərəfindən edilib. Fransanın yalnız Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə deyil, ümumən geniş spektrdə (Suriya, Livan, beynəlxalq sanksiyaların yumşaldılması və s.) İranla ortaq maraqlarının olması sirr deyil. Adətən, enerji mövzusu üzrə ixtisaslaşmış nəşrlər Avropaya alternativ enerji mənbəyi kimi əvvəllər yalnız Azərbaycanın adını çəkirdisə, hazırda Əlcəzair və Liviya qaz ehtiyatlarının, Körfəz ölkələrinin də adı çəkilir. Əlcəzair yataqlarının istismarında Fransa xüsusi paya malikdir. Parisin Bakı ilə digər ixtilaf nöqtəsi Afrika və Okeanaziyanın keçmiş fransız müstəmləkələrinin antikolonalial mübarizəsinin Azərbaycan tərəfindən beynəlxalq səviyyədə dəstəklənməsidir. Bir müddət azərbaycanlı siyasi mühacirlərin Fransadan yayımlanan You Tube kanalları da Azərbaycanın Afrikada fəallığnı sırf rəsmi Parisin mövqeyindən təqdim edən müzakirələr açmışdılar.

Artıq eyni resurslar Avropa parlamentinin antitürk, anti-Azərbaycan qətnaməsini müdafiə etmək üçün də kampaniyaya başlayıb.

“Heç kimin nəzərə almadığı, lakin marjinal ünsürlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik”.

Türkiyə Xarici İşlər Nazirliyinin qətnamə barədə şərhində belə deyilir. Fikrimizcə, Cənubda və Qərbdə sevincək olanlara, Azərbaycanı enerji bazarından çıxarmağa həvəslənənlərə verilən yetərincə konkret və lakonik cavabdır.

  • Sosial şəbəkədə paylaş