Sizin reklam burada
Sizin reklam burada

44 günlük müharibə Qələbəmizin başlanğıc tarixi

44 günlük müharibə Qələbəmizin başlanğıc tarixi

44 günlük Vətən Müharibəsinin elə ilk günlərindən aydın oldu ki, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün yetərli hərbi, siyasi gücə, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar orduya malikdir.

Fərqli dünyagörüşü olan sosial qrupların, siyasi təşkilatların, milli mənafeləri siyasi mənafelərdən üstün tutan müxalifət qüvvələrinin çağırışları vətəndaş qarşıdurması vəziyyətində olan cəmiyyətin qısa müddətdə yumruq kimi birləşməsinə səbəb oldu.
Milli birlik, ilk növbədə qardaş Türkiyə Cümhuriyyəti olmaqla Pakistan, Ukrayna, İsrail kimi dövlətlərin Azərbaycana siyasi və mənəvi dəstək verməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı.

Müasir silahlarla silahlanmış, yeni dövrün müharibə qaydalarına uyğun olaraq təlim keçmiş, vətənpərvər şəxsi heyətə malik olan ordumuz döyüş meydanında qələbələr qazanmağa başladı.
Qısa müddət ərzində müqaviməti qırılan düşmən ordusu bütün cəbhə boyu sürətlə geri çəkilməyə başladı.

Hərbi, siyasi, diplomatik məsələlərdə milli məfkurəyə əsaslanan 44 günlük müharibə dövründə ərazilərimizin böyük bir hissəsi, dörd rayonumuz, Hadrut qəsəbəsi, yüzlərlə kəndlərimiz, başlıcası isə müqəddəs Şuşa şəhərimiz işğaldan azad edildi.

Sentyabrın 26-dan noyabrın 9-dək olan 44 gün ərzində yalnız Qarabağ münaqişəsi ilə bağlı olan status-kvo dəyişmədi, həm də bu regionun ümumi geopolitik mənzərəsi dəyişdi.

Bu mənzərəni Azərbaycan, Azərbaycan Ordusu, fədakar Azərbaycan əsgəri dəyişdirdi.
Ordumuzun bu fədakarlığı, bu şücaəti çoxları üçün gözlənilməz oldu.

Nə Ermənistan, nə də bu ölkənin qüdrətli havadarları Azərbaycan Ordusunun belə sürətlə irəliyəcəyini, hər cür hərbi dəstək alan erməni ordusunun bu səviyyədə darmadağın ediləcəyini gözləmirdi.

Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində, “Türkiyə Azərbaycana dəstək verərkən, niyə Rusiya Ermənistana uyğun dəstəyi vermədi” sualına cavab olaraq Rusiyanın Ermənistana odekvat dəstək verdiyini, bu sahədə balansın təmin edildiyini, lakin sonda döyüş meydanında fərqli mənzərənin yarandığını bildirdi.

Bu fərqli gerçəkliyi, döyüş meydanda dostları sevindirən, düşmənləri pərişan edən Azərbaycan Ordusu, öz ordusunun arxasında dayanan Azərbaycan xalqı yaratmışdı.

II Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan Ordusuna, Türkiyə silahı Rusiya silahına qalib gəldi.

44 günlük müharibə dövründə əldə edilən uğurların qazanılmasında payı olanların sayı isə milyonlarladır.
Bu mühüm dövrdə hər kəsin dövlətimiz üçün xidmətləri zaman- zaman dəyərləndiriləcək.

İndidən bəlli olan və hər kəsin qəbul etdiyi həqiqət isə odur ki, bu qələbələrin əsas müəllifi Azərbaycan Azadlıq Ordusu, əsgər və zabitlərimiz, vətənin azadlığı naminə həlak olan, xatirələri heç vaxt unudulmayacaq şəhidlərimizdir.

İndi bəzi təhlilçilər Azərbaycanın bugünkü durumunu 26 sentyabrda olan durumla müqayisə edir, "Buna da şükür"- deyib təsəlli tapır.

Halbuki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşma təhlil edilərkən çıxış nöqtəsi 26 sentyabr vəziyyətindən yox, 9 noyabr vəziyyətindən götürülməlidir.

Noyabrın 9-da Azərbaycan Ordusu Şuşanı işğaldan azad etmiş, həm Şuşa, həm Xocavənd istiqamətindən Xankəndinin, Xocalının bir neçə kilometrliyinə qədər irəliləmişdi.

Gücümüz birliyimizdədir!

Bu Vətən Bizimdir!

Səxavət Məmmədov,
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ