Sizin reklam burada
Sizin reklam burada

“Dəmir yumruq” əməliyyatı: 44 gündə qazanılan şanlı zəfər

“Dəmir yumruq” əməliyyatı: 44 gündə qazanılan şanlı zəfər

Uğurlu əks-həmlə əməliyyatının ilk saatlarından düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu günortadan sonra Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.

Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı qətiyyətlə bəyan etdi: “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

“Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bu xoş müjdəni tvitter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı kəndin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı.

Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də - Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra – oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət sərhədi tam nəzarətə götürüldü.

Azərbaycan Prezidenti İlham Əliyev tvitterdəki səhifəsində bu barədə belə qeyd etmişdi: “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”.

Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Bu əməliyyatın ən böyük əhəmiyyətindən biri də Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun nəzarətə götürülməsi idi.

Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi.

Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq bu şəhəri işğaldan azad etdi. Belə ki, ərazinin və seçilən marşrutun nəqliyyat vasitələri üçün uyğun olmaması, eləcə də düşmənin gözləmədiyi istiqamətdən zərbə endirilməsi üçün Azərbaycan Ordusunun komandanlığı cəsarətli qərar qəbul etdi. Qəhrəman əsgər və zabitlərimiz Şuşaya Qarabağın sıx meşələrində onlarla kilometr uzunluğunda yeni yol açdı. Sonradan Müzəffər Ali Baş Komandanımız tərəfindən Zəfər yolu adlandırılacaq bu yolla hərəkət edən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə istiqamətdən şəhərə daxil oldular. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan Ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.


Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ