Sizin reklam burada
Sizin reklam burada

BİR ÖMRƏ SIĞMAYAN 44 GÜN…

BİR ÖMRƏ SIĞMAYAN 44 GÜN…

44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq bir il ötür… Çox tez keçdi bir il, lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.

Ötən il bu vaxt qüdrətli Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün əks-hücum tədbirlərinə başladı. Bəli əks-hücum əməliyyatı, çünki ilk qığılcım bizdən yaranmadı. Məlum olduğu kimi Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə əsasən “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir”. Biz isə öz əzəli-əbədi ulu torpaqlarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımız uğrunda müharibə etdik. Lakin daha əvvəl 30 ilə yaxın müddət ərzində sülh danışıqlarına davam edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyirdik. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev, ölümündən sonra isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxış etmiş, Dağlıq Qarabağın statusu haqqında dünya birliyinə sülh yolu ilə çağırışlar etmişdir. Lakin bütün danışıqlar əhəmiyyət verməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə elə kağız üzərindəcə qalmış, heç bir nəticə hasil olmamışdır.

30 il ərzində işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozulmuş, hər dəfə düşmən cavab atəşi ilə susdurulmuşdur.

Son illərdə artıq vəziyyət daha da gərginləşməyə başlamışdı, belə ki, 2016-cı il aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş vermiş ən şiddətli döyüşlər idi. Döyüşlər böyük zəfərin başlanğıcı kimi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər,

daha sonra isə Rusiya prezidentinin də iştirakı ilə Sankt-Peterburqda üçtərəfli danışıqlar keçirildi. Azərbaycan bir daha bəyan etdi ki, sülh yolunun tərəfdarıdır, lakin lazım gəlsə bütün gücünü və əzmini göstərmək iqtidarındadır.

Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər baş verdi. Belə ki, Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum cəhdi etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən düşmənin xain hücumunun qarşısı alındı və işğalçılara ağır zərbə endirildi. Həmin döyüşlər zamanı 1 nəfər mülki vətəndaşımız həlak oldu, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Bu, bir daha sübut etdi ki, qüdrətli ordumuzun yüksək rütbəli zabitləri əsgər arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Bu döyüşlər şanlı qələbə üçün bir qığılcım rolunu oynadı.

Kaş ki bütün mərd oğullarımız şanlı qələbə ilə nəticələnən müharibədən sağ-salamat geri qayıdaydı, kaş ki heç bir uşaq atasız, heç bir valideyn övladsız, heç bir bacı qardaşsız, heç bir xanım yoldaşsız qalmayaydı.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləridə

öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün düyna gördü ki,Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.”

44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

BİR ÖMRƏ SIĞMAYAN 44 GÜN…





Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ