Sizin reklam burada
Sizin reklam burada

Qan töküləcək, Bakı müdaxilə edəcək... - Bu gün Xankəndidə nələr gözlənilir?

Qan töküləcək, Bakı müdaxilə edəcək... - Bu gün Xankəndidə nələr gözlənilir?


Bu gün Xankəndidəki separatçılar arasında toqquşma gözlənilir.

Publika.az xəbər verir ki, Araik Arutyunyanın “istefası”ndan sonra separatçılar özlərinə yeni “başçı” seçməlidir. Yeni “başçını” qondarma “parlament” seçəcək. Sabah “parlamentdə” keçiriləcək “seçkilərdə” iştirak edəcək qondarma “namizədlər” bu gü müəyyən edilməlidir.

Əsas “namizəd” kimi Araikin “istefa”dan öncə separatçıların qondarma “dövlət naziri” təyin etdiyi Samvel Şahramanyanın olacağı gözlənilir. Keçmiş “Qarabağ klanı”nın adamı olan Şahramanyanın separatçıların “başına” gətirilməsi Azərbaycan ərazisində separatizmin daha da körüklənməsi və silahlı təxribatların davam etdirilməsi məqsədi daşıyır. Lakin Xankəndidə Şahramanyanı qəbul etməyənlər də var. Onların başında Samvel Babayan dayanır. Babayan “namizədliyini” vermir, eyni zamanda, “parlamentdəki” qondarma seçkilərə də qatılmır. Babayan başının dəstəsi ilə bu gün mitinq keçirməyi və separatçı rejimin yeni “başçı seçmək” oyununu pozmaq niyyətindədir.

Babayan bildirib ki, bu qruplaşma quldurdur və erməni əhalisinə zülm edir.

“Bu quldur qruplaşmanın təklif etdiyi “namizəd” böyük problemlərə səbəb olacaq. Onlar sadəcə agentdir və yaxşı xidmət etməyi bacarırlar. Camaata kuponla çörək verirlər, tələb edirlər ki, bu vəziyyətlə barışın”, - o deyib.

İddia edib ki, separatçıların “başına” keçən bu qruplaşma Ağdam-Xankəndi yolu ilə yüklərin qəbul edilməsinə razılaşıb.

Bu iddianın doğru olması sual altındadır, çünki erməni əhalisini girov kimi saxlayan qondarma rejim Ağdam yoluna qarşı çıxır. Mümkündür ki, Babayanın bu iddiası qondarma “seçkilərə” hesablanmış açıqlamadır.

Baş verənlər Xankəndidə qarşıdurmanın kəskin mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

“İravunk” nəşri mənbələrinə istinadən yazır ki, “seçki”nin keçirilə biləcəyi sual altındadır: “Babayan və dəstəsi təxribatlar törədə bilər. Mənbələrimiz bildirir ki, Xankəndidə qarşıdurma güclənərsə, Bakı proseslərə müdaxilə edə bilər”.

Xankəndidəki separatçılardan biri Tiqran Petrosyan da dünən bildirmişdi ki, Samvel Şahramanyan “seçilərsə”, qan töküləcək. O, Babayanın sakit dayanmayacağını, qarşıdurma yaradacağını bildirib və qeyd edib ki, erməni əhalisi də Babayanı dəstəkləyəcək. Çünki erməni əhalisi mövcud separatçı rejimdən, xüsusilə onun arxasında dayanan Bako Saakyandan bezib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ