Sizin reklam burada
Sizin reklam burada

Öz ərazisində separatçılığı boğub Azərbaycanda dəstəkləyən İspaniya

Öz ərazisində separatçılığı boğub Azərbaycanda dəstəkləyən İspaniya



İnsanların rahat həyat tərzinə qarşı təhlükə mənbəyi olan separatizm, terrorçuluq, milli və dini zəmində münaqişələr əksər hallarda xarici təsirlər əsasında, daha dəqiq ifadə etsək, xarici siyasi və maliyyə yardımları ilə ortaya çıxır.

İspaniyanın Rusiyadakı səfirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarına yardım göstərildiyi barədə açıqlaması qeyd etdiyimiz mühakimələrə ən bariz nümunədir.

Bu barədə İspaniya səfirliyi özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Hətta səfirlik paylaşımda separatçı erməniləri zaman-zaman dəstəkləyən digər “avropalı demokratlar”dan da irəli gedərək Qarabağdakı xunta rejiminin qondarma bayrağından da istifadə edib.

Özü separatizmdən əziyyət çəkən İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi anlaşılan deyil. Cəmi altı il əvvəl – 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendumda iki milyondan çox insan müstəqilliyə səs vermişdi. Kataloniyalılar səslərin 90,81%-i ilə müstəqillik tərəfdarı olduqlarını dünyaya bəyan etdilər. Bunun ardından Kataloniya parlamenti bölgənin müstəqilliyini elan etmişdi.

O zaman Azərbaycan Xarici İşlər Nazirliyi baş verənləri belə şərh etmişdi:

“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir”.

İndi isə İspaniyanın Rusiyadakı səfirliyi beynəlxalq hüququn prinsiplərini kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirir. Belə bir vəziyyətdə İspaniyanın bu və ya digər halda separatizmi dəstəkləməsi qəribə olduğu qədər də təəssüf doğurur.

Xatırladaq ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində separatizm məsələsində Qərbin ikili standartlarına toxunaraq deyib:

“Nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı beş, yaxud altı milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik?”

Müqayisə üçün deyək ki, Azərbaycan vətəndaşı olaraq Xankəndidə yaşayan ermənilərin ümumi sayı kataloniyalıların sayından ən azı 100 dəfə azdır. Kataloniyalıların heç bir yerdə müstəqil dövləti yoxdur. Bu mənada onların müstəqillik tələbi başa düşülən ola bilər. Ermənilərin isə Qərbi Azərbaycan torpağında məhz Azərbaycanın siyasi güzəşti əsasında yaradılmış dövlətləri var.

İndi isə İspaniyanın özünün də Kataloniyadakı referenduma reaksiyasına diqqət edək: İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniyadakı referendumu və sonradan qəbul edilmiş qərarları anti-konstitusion elan etdi. İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsindən istifadə edərək Kataloniyanın özünüidarəsini ləğv etdi. Kataloniya birbaşa Madridin idarəçiliyinə keçdi və bölgəyə rəhbərlik İspaniya Baş nazirinin müavininə həvalə edildi. Kataloniya parlamenti buraxıldı. Kataloniyada iyirmiyə yaxın məmur saxlanıldı, onlara səkkiz ildən 13 ilədək azadlıqdan məhrum etmə cəzası kəsildi. 30 illik həbs təhlükəsi olan Karles Puçdemon ölkədən qaçaraq Belçikadan siyasi sığınacaq istədi və bu gün də Avropada gizlənir.

Öz ərazisində separatizmə qarşı ən sərt addımlar atan İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi riyakarlıq və prinsipsizlikdən başqa bir şey deyil. İspaniyadakı separatizm yalnız Basklar ölkəsi və Kataloniya ilə məhdudlaşmır. Ölkənin şimal-qərbində Qallisiyada, Valensiyada, Navarrada və daha bir neçə bölgədə geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələr var. Bu gün İspaniya başqa ölkədə separatizmə dəstək verirsə, öz ərazisində də separatizm dalğasının güclənə biləcəyini unutmamalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ