Sizin reklam burada
Sizin reklam burada

İcma: “Təzyiq və təqiblərə baxmayaraq, Qərbi azərbaycanlılar öz dillərini qoruyub-saxlayıblar”

İcma: “Təzyiq və təqiblərə baxmayaraq, Qərbi azərbaycanlılar öz dillərini qoruyub-saxlayıblar”



“Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Qərbi Azərbaycandan olan ədib və şairlər Azərbaycan dilinin və ədəbiyyatının inkişafına mühüm töhfələr veriblər. Azərbaycan dilini və ədəbi irsini öz poetik parlaqlığı və bədii ifadələri ilə zənginləşdirmiş böyük söz ustaları Miskin Abdalı, Aşıq Alını, Aşıq Ələsgəri qürurla anırıq”.

Bu sözlər Qərbi Azərbaycan İcmasının minilliklərin sınağından çıxaraq öz dilini və milli kimliyini qoruyub-saxlamış Azərbaycan xalqına təbrikində yer alıb.

Təbrikdə, həmçinin deyilir:

“Son yüzillikdə Ermənistanın hakimiyyət orqanlarının etnik qərəzdən qaynaqlanan dözülməz təzyiq və təqiblərinə baxmayaraq, Qərbi azərbaycanlılar öz dillərini və mədəni dəyərlərini qoruyub, zəngin adət-ənənələrini nəsildən-nəslə ötürə biliblər.

Qaçqınlıq həyatının çətin dövrlərində ana dilimiz bizi tarixi yaddaşımız, qeyri-maddi mədəni irsimiz və itirdiyimiz dədə-baba yurdumuz ilə birləşdirən körpü kimi bizə həyan duran əvəzedilməz dəyər olub.

Bu əsnada, XVIII-XIX əsrlərdə Göyçə mahalında yaşayıb-yaratmış Aşıq Alının “Dilimiz” şeirindən bir parçanı paylaşmaq istərdik:

Nisgillinin ürəyindən

Apardı dərdi dilimiz.

Xəstənin, naəlacın

Dərmanın verdi dilimiz.

Bir sözü yüz mənalıdır,

Gör necə sirdir dilimiz.

Matahını ucuz satma,

İncidir, dürdür dilimiz.

Dolandım Bəsrə-Bağdadı,

Salam verdim, anladılar.

Gəzdim İranı, Turanı,

“Qardaş”, - deyib, yanladılar,

Osmanlıda türkü dedim,

Gördülər birdir dilimiz.

Aşıq Alının, Dədə Ələsgərin ocağına qayıdaraq onların dağıdılmış məzarlarını bərpa etmək, doğma el-obamızda ana dilimizdə yazıb-yaratmaq və sazı-sözü yaşatmaq qəlbimizin ən dərinliklərində alovu sönməyən arzudur. Biz bu arzumuza tezliklə çatacağımıza inanırıq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ