Sizin reklam burada
Sizin reklam burada

Aleksandr Kovalenko: “Azərbaycan enerji və ticarət sahəsində Ukraynanın əsas tərəfdaşıdır”

Aleksandr Kovalenko: “Azərbaycan enerji və ticarət sahəsində Ukraynanın əsas tərəfdaşıdır”
“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən Azərbaycan təbii qazının bu ölkəyə tədarükü və iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfə artırılması planları təxirə salındı”.

Bunu “Report”a ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib.

“2020-ci ildə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verilərkən Azərbaycanın enerji resurslarının Ukraynaya çatdırılması perspektivləri ilə bağlı məsələ qaldırılmışdı. Hesab edilirdi ki, bu marşrut Azərbaycan təbii qazını Bolqarıstan və Rumıniya vasitəsilə Ukraynaya çatdırmağa imkan verəcək. Ümid edirəm ki, bu layihə müharibə başa çatdıqdan sonra həyata keçiriləcək”, - o vurğulayıb.

A.Kovalenkonun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında hər zaman dostluq münasibətləri olub və iki ölkə bir çox sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə çalışır:

“Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır və 2021-ci ildə bu rəqəm bir milyard ABŞ dollarını ötüb. Eyni zamanda, yaxın iki-üç ildə bu rəqəmin iki milyard ABŞ dollarına çata biləcəyi proqnozlaşdırılırdı. Yəni bu, artım templəri baxımından ən yüksək göstərici olmalı idi. Lakin müharibə səbəbindən bu proqnozlar reallaşmayıb”.

Ekspert vurğulayıb ki, Ukrayna Azərbaycanın enerji dəstəyinə, xüsusilə neft, neft məhsulları və təbii qazın tədarükü formasında yardımına böyük önəm verir:

“Rusiya Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirdikdən sonra Azərbaycan ona generator və digər elektrik avadanlıqları göndərən ilk ölkələrdən biri olub”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ