Sizin reklam burada
Sizin reklam burada

Marneulidəki “Azərbaycan Evi” Edilli faciəsi ilə əlaqədar bəyanat yayıb

Marneulidəki “Azərbaycan Evi” Edilli faciəsi ilə əlaqədar bəyanat yayıb


Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi” Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə bəyanat yayıb.
Bu barədə AZƏRTAC–a “Azərbaycan Evi”ndən məlumat verilib. Sənəddə bildirilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndirir.
Qeyd edilir ki, rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. Bununla da ümumilikdə Edillidə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayı 25-ə çatıb. Geyim və əşyalarından həmin şəxslərin hərbçi olduqları reallığı azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.
Aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi naməlum olan azərbaycanlılara məxsusdur. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb.
Bəyanatda xüsusi vurğulanır ki, belə məzarlıqların üzə çıxarılması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçuları tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar qeyd olunanların bariz nümunəsidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ