arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Neft bazarında böhran: Qiymətlər sürətlə enir - Azərbaycanı hansı təhlükə gözləyir?

Neft bazarında böhran: Qiymətlər sürətlə enir - Azərbaycanı hansı təhlükə gözləyir?




Dünya bazarlarında Azərbaycan neftinin qiymətində demək olar ki, hər gün azalma müşahidə olunur. Hazırda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54 ABŞ dolları və ya 5,23 % azalaraq 64,11 dollar olub. Bu isə Azərbaycan neftinin qiymətinin son dörd ildən çox müddət ərzində ən aşağı səviyyəyə düşməsi deməkdir.

Bəs qiymətlərin bu qədər enməsinə səbəb nədir və cari prosesin davam edəcəyi təqdirdə Azərbaycan iqtisadiyyatını nələr gözləyir?

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, neftin qiymətinin hər gün ucuzlaşması ölkəmiz üçün yetərincə pis xəbərdir.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürülüb:

“Lakin bir neçə gündür qiymət bu məbləğdən aşağıdır. Bu o deməkdir ki, ölkəyə gələn valyutanın həcmi azalacaq. Maliyyə Nazirliyinin hesablamasına görə, neftin hər 10 dollar orta illik qiymətinin aşağı olmasının ölkəyə ziyanı 2.1 milyard manatdır.

Bunun 400 milyon manatı birbaşa büdcəyə, 1,7 milyard manatı isə neft fonduna ziyandır. Neft qiymətlərinin düşməsinə baxmayaraq ilin birinci rübündə neft qiymətləri kifayət qədər yüksək, yəni 75 dollar ətrafında olub. Ona görə də hazırda neft qiymətlərinin birjalarda kəskin enməsi ilə böyük həcmdə bir şey dəyişdiyini söyləmək doğru olmaz”.

İqtisadçı qeyd etdi ki, qiymətlərin bu sürətlə aşağı düşəcəyi təqdirdə ciddi risklər gözləniləndir:

“Neftin hər gün 3-5% ucuzlaşması artıq narahatlıq yaradır. Bu da qiymətlərin daha nə qədər ucuzlaşmasından, ucuzlaşma səviyyəsinin saxlanılıb-saxlanılmayacağından asılıdır. Əgər neft qiymətləri, məsələn 50 dollarda sabit qalarsa, hökümət artıq uzunmüddətli maliyyə, makroiqtisadi sabitliyi formalaşdırmaq üçün adımlar ata bilər.

Lakin indiki məqamda ciddi maliyyə problemi yarandığını demək üçün tezdir. 1-2 il ərzində neftin qiymətlərinin necə olacağı da hələlik məlum deyil. Çünki ABŞ və Çin arasında iqtisadi-ticari müharibə hökm sürür. Bu müharibənin də nə vaxt öz həllini tapacağı sual altındadır”.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, neft qiymətlərində aprel ayından başlayaraq kəskin enmələr birbaşa neft-qaz sənayesində, qlobal neft bazarlarında baş verən hadisələrlə bağlı deyil:

“Çünki cari ilin yanvar ayında “Brent” etalon markalı neftin bir barelinin qiyməti 82 dolar 63 sent idisə, son günlərdə artıq 61 dollar 33 sent olub. Hətta artıq bu gün ərzində qiymətlərdə 2 faiz civarında dəyər itirilməsi müşahidə olunur. Bu, qarşılıqlı tarif təhdidləri və dərinləşən ticarət müharibələri ilə bağlıdır. Bunlar tək neft-qaz bazarına yox, bütövlükdə əmtəə bazarlarına təsir edir. Məsələn, metal məhsullarının qiymətlərində də eniş müşahidə olunur.

Bazar nümayəndələri də ticarət müharibələrinin qlobal tənəzzülə apararaq neftə tələbin əhəmiyyətli dərəcədə aşağı düşməsindən ehtiyat edirlər. Neftin qiymətinin düşməsinin səbəblərindən ən başlıcası budur. Son illər artıq neft qiymətlərinin müəyyən edilməsində geosiyasi faktorlar, eyni zamanda qlobal hərbi-siyasi durum ön cəbhədə dayanır.

Həmçinin fond bazarlarındakı vəziyyət, aparıcı dövlətlərin maliyyət siyasətləri, bunlar hamısı neft qiymətlərinə, maya dəyərinə təsir edən əsas amillərdir”.

Ekspert bildirdi ki, qarşıdakı aylarda vəziyyətin necə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil:

“Əgər fond bazarlarında vəziyyət biraz da gərginləşərsə, bu, son anda neft sektoruna yönələn investisiyaların azalmasına və eyni zamanda neftdə olan tələbatın azalmasına səbəb ola bilər. Düşünürəm ki, bu artıq qlobal bir məsələdir.

İlin əvvəlində bazar iştirakçıları, müstəqil analitik qruplar, OPEC katibliyi və eyni zamanda Beynəlxalq Enerji Agentliyi (BEA) proqnoz verirdi ki, bu il neftdə olan gündəlik tələbat 103.9 milyon barel civarında, bazara təklif isə 104.5 milyon barel olacaq. Lakin ABŞ administrasiyasının tətbiq etdiyi tarif siyasəti və eyni zamanda ticarət müharibəsi son vaxtlar neftə olan tələbatı təhdid altına alır.

Çünki artıq bir neçə ildir ki, Asiya bazarları cəlbedici satış bazarı sayılır. Əgər ticarət müharibəsi dərinləşərsə, onda Çində neftə olan tələbatda enmələr müşahidə olunacaq. Bu isə bazarda neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq”.

Z.Vəliyev son olaraq əlavə etdi ki, Azərbaycan nefti bundan əvvəlki dövrlərdə çox vaxt mükafatla satılıb:

“Azərbaycan brendləri olan "AzərLight" və Bakı-Tiflis-Ceyhan neft qarışığı olan "BTC" müəyyən dövrlərdə “Brent” etalon markalı neftə nisbətdə 3 dollar 20 sent mükafatla satılıb. Yəni, Azərbaycan nefti ümumiyyətlə bir çox hallarda premium ilə satılıb. Lakin neft qiymətlərində kəskin enişlər olarsa, bu, neftdən gələn gəlirlərimizə təsir edəcək.

Həmçinin Azərbaycanda neft hasilatında hər il təbii azalma baş verir. Çünki Azərbaycandakı mövcud yataqlar artıq hasilatın pik həddini keçiblər. Ona görə də qarşıdakı illərdə də neft hasilatında artımlar müşahidə olunmayacaq.

Bu vəziyyətin davam etdiyi halda neftdən əldə etdiyimiz gəlirlər aşağı düşəcək. Bu zaman da büdcə problemi ilə üzləşəcəyik”.

.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ