Sizin reklam burada
Sizin reklam burada

Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert proqramı təşkil olunub

Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert proqramı təşkil olunub



Oktyabrın 25-də Heydər Əliyev Sarayında görkəmli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov Müslüm Maqomayevin həyat yolu və yaradıcılığından danışıb.
Müslüm Maqomayevin XX əsrin Azərbaycan və sovet estradasının əzəmətli sütunlarından biri olduğunu söyləyən nazir deyib ki, o, sözün əsl mənasında ümumxalq məhəbbəti qazanıb. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğura 1962-ci ildə imza atıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
Bildirilib ki, 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Müslüm Maqomayevlə bağlı öz xatirələrini bölüşüb onun bənzərsiz yaradıcılığından danışıb.
Görkəmli sənətkarın 80 illik yubileyi münasibətilə “Əbədiyaşarlar” layihəsi çərçivəsində təşkil olunan konsert proqramı dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə tanınmış müğənnilərin ifasında görkəmli sənətkarın qəlblərdə iz buraxan mahnıları ilə davam edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ