Tbilisi Şəhər Şurasında (sakrebulo) Azərbaycanın böyük şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunan “Ölməz qələm cəngavəri” adlı tədbir keçirilib.
“Report” xəbər verir ki, xatirə gecəsi Tbilisi meriyasının dəstəyi, sakrebulo və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Öncə gürcü kişi xorunun ifasında Gürcüstan və Azərbaycanın dövlət himnləri təqdim olunub.
Şura üzvü Nino Ruxadze açılış nitqi ilə çıxış edərək Ə.Cavadın Gürcüstanla sıx əlaqələrinin olduğunu deyib. O, azərbaycanlı şairin Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini originaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladıb: “Əhməd Cavad tərcüməsi ilə oxucuları Gürcüstan mədəniyyəti və dəyərləri ilə tanış edib, ölkəni qədim mədəniyyətli proqressiv və Avropa sivilizasiyasının bir hissəsi kimi göstərib”.
Muzeyin direktoru Leyla Əliyeva çıxışında tədbirin təşkilinə görə Tbilisi sakrebulosuna təşəkkürünü bildirib.
Sakrebulo sədri Giorgi Tkemaladze çıxış edərək azərbaycanlı şairin xatirəsinə həsr olunan tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.
Söz alan Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov Tbilisidə Azərbaycan mədəniyyətinin qorunması və saxlanılmasına göstərilən diqqəti yüksək qiymətləndirib. O, Tbilisi Şəhər Şurasına Ə.Cavadın yaradıcılığına verdiyi yüksək dəyərə görə təşəkkür edib.
Sakrebulonun Təhsil və Mədəniyyət Komissiyası Aparatının rəhbəri, yazıçı İrakli Şamatava Ə.Cavadın yaradıcılığı və fəaliyyəti barədə danışıb. Onun sözlərinə görə, şair Acarıstanda da yaşayıb və gürcülərin yaxşı dost olduğunu yazıb. Gənc yazıçı qeyd edib ki, Ə.Cavadın həyat yoldaşı Gürcüstandan olub və əsərlərində gürcü xalqına yaxın və xoş münasibəti aydın görünür.
İ.Şamatava, həmçinin bildirib ki, gələn il Gürcüstan və Azərbaycan ədəbiyyatlarına həsr olunacaq ikidilli antologiyanın nəşri nəzərdə tutulub.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) nümayəndəsi, Qafqazşünaslıq Elmi-Tədris İnstitutunun rəhbəri Merab Çuxua çıxışında Gürcüstanda Azərbaycan ədəbiyyatının tədrisindən söz açıb. O deyib ki, TDU-da Azərbaycanşünaslıq proqrama dil, folklor ilə yanaşı ədəbiyyat da daxil edilib və Ə.Cavadın əsərlərinin də proqrama daxil edilməsi nəzərdə tutulub
Tədbirin bədii hissəsində Aşıq Nargilə Mehtiyeva “Meydan” qrupu ilə birgə Əhməd Cavadın sözlərinə yazılmış “Gəncədən gəlirəm” mahnısını ifa edib, azərbaycanlı uşaqlar şairin "Gürcüstan" şeirindən bəndlər söyləyiblər.
Sonda M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva sakrebulonun sədri G.Tkemaladzeyə Azərbaycan dilində işıq üzü görmüş "Pələng dərisi geymiş pəhləvan" əsərinin yer aldığı nəfis kitab, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin güclənməsinə verdiyi böyük töhfəyə görə təşəkkürnamə təqdim edib.