
Azərbaycan milli mətbuatının yaranması xalqımızın maariflənmə tarixində yeni bir səhifə açdı. 22 iyul 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə milli sözün, milli düşüncənin və azad fikrin təməli qoyuldu. Həsən bəy Zərdabi inanırdı ki, xalq yalnız elm, təhsil və doğru informasiya vasitəsilə inkişaf edə bilər. Onun bu ideyaları bu gün də öz aktuallığını qoruyur.
Sonrakı illərdə Azərbaycan mətbuatı müxtəlif çətinliklərdən keçsə də, öz missiyasını davam etdirdi. Mətbuat xalqın problemlərini işıqlandırdı, cəmiyyətin inkişafına töhfə verdi, milli maraqların müdafiəsində mühüm rol oynadı. Bu gün müasir media təkcə xəbərləri deyil, eyni zamanda elm, mədəniyyət, təhsil, iqtisadiyyat və sosial sahələrdə baş verən yenilikləri də ictimaiyyətə çatdırır.
İnformasiyanın sürətlə yayıldığı indiki dövrdə medianın üzərinə daha böyük məsuliyyət düşür. Hər bir məlumatın düzgün yoxlanılması, obyektiv təqdim olunması və peşə etikası prinsiplərinə əməl edilməsi jurnalistikanın əsas şərtlərindəndir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistlərə və media əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, bol yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni zirvələr arzulayırıq.
Raqif Qasımov
UNEC-in Zaqatala filialının direktoru
