
Jurnalistika cəmiyyət üçün ən məsuliyyətli peşələrdən biridir. Jurnalist hər gün müxtəlif hadisələri izləyir, araşdırmalar aparır, faktları dəqiqləşdirir və onları ictimaiyyətə təqdim edir. Onun fəaliyyəti insanların düzgün məlumat almasına, ictimai rəyin formalaşmasına və cəmiyyətdə şəffaflığın təmin olunmasına xidmət edir.
Azərbaycan jurnalistləri uzun illərdir ki, ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən hadisələri peşəkarlıqla işıqlandırırlar. Xüsusilə Vətən müharibəsi dövründə media nümayəndələri operativ və dəqiq məlumatların ictimaiyyətə çatdırılması istiqamətində böyük fədakarlıq nümayiş etdirdilər. Onların zəhməti cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Müasir dövrdə dezinformasiyanın geniş yayıldığı bir şəraitdə jurnalistlərin üzərinə düşən məsuliyyət daha da artır. Doğru məlumatın vaxtında və obyektiv şəkildə təqdim olunması medianın əsas vəzifələrindən biridir. Peşə etikası, dürüstlük və vicdanlı fəaliyyət jurnalistikanın əsas dayaqları olaraq qalır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistlərə və media əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, yeni yaradıcılıq uğurları və həmişə həqiqətin keşiyində dayanmağı arzulayırıq.
Səxavət Məmmədov,
İş adamı
