Türkiyəli hotel sahibləri tələbatın azalması və Aralıq dənizi regionundakı digər kurortlarla rəqabətin güclənməsi səbəbindən istirahət qiymətlərini əhəmiyyətli dərəcədə endirməyə hazırdırlar.
Bu barədə Bodrumdakı otel biznesinin nümayəndəsi və Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) üzvü Nihat Yüzbaşı "RİA Novosti"yə məlumat verib.
"Rəqabət güclənir və turistlər qiymətlərə qarşı daha həssas olublar. Bir çox müəssisə artıq xidmətlərin qiymətlərinə yenidən baxmağa məcburdur. Biz hazırda qiymətlərin maksimum dərəcədə endirilməsini müzakirə edirik", - deyə Yüzbaşı bildirib.
O əlavə edib ki, artan xərclər Türkiyənin turizm sektoruna təzyiq göstərməkdə davam edir, Yunanıstan, Misir, Tunis və bir sıra Balkan ölkələri isə daha sərfəli istirahət variantları təklif edirlər. Buna baxmayaraq, Türkiyə yüksək xidmət keyfiyyəti, inkişaf etmiş otel infrastrukturu və turizm sahəsindəki təcrübəsi sayəsində öz rəqabət qabiliyyətini qoruyub saxlayır.
Yüzbaşı vurğulayıb ki, son dəqiqə bronları, valyuta məzənnələrindəki dəyişikliklər və regional vəziyyət mövsümün nəticələrinə ciddi təsir göstərə bilər. Bir çox bazar iştirakçısı mövsümlə bağlı yekun nəticələr çıxarmağa hələ tələsmir.
Yaranmış şəraitdə otel biznesi üçün ən vacib vəzifə xərclərə nəzarət etməklə xidmət keyfiyyətini qoruyub saxlamaqdır.
Türkiyənin turizm sektoru Yaxın Şərqdəki gərginliyin təsirini də hiss edir: səyyahların ehtiyatlı davranması və bronların gecikməsi səbəbindən ölkə aktiv mövsümdə gündəlik 8–10 milyon dollara qədər gəlir itirə bilər.
