
Müstəqillik hər bir xalqın sahib ola biləcəyi ən böyük nemətdir. Azərbaycan xalqı da bu müqəddəs neməti əldə etmək üçün uzun və çətin yollar keçmişdir. 1918-ci ilin 28 may tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azad yaşamaq əzminin parlaq nümunəsi idi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü. Təhsil, mədəniyyət, ordu quruculuğu və beynəlxalq əlaqələr sahəsində mühüm addımlar atıldı. Azərbaycan dili dövlət dili elan edildi, milli dəyərlərə xüsusi önəm verildi. Dövlətçilik ənənələrinin təməli məhz həmin dövrdə formalaşdı.
Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, güclü iqtisadiyyata və qüdrətli orduya sahib dövlət kimi tanınır. Qazanılmış uğurların əsasında isə xalqın birliyi, dövlətə bağlılığı və müstəqilliyə verilən yüksək dəyər dayanır.
28 May bizə xatırladır ki, azadlıq uğrunda mübarizə heç vaxt unudulmamalıdır. Bu gün gənc nəsil müstəqilliyin qədrini bilməli, vətənə və dövlətə sədaqətlə xidmət etməlidir.
28 May – Müstəqillik Gününüz mübarək! Ulu bayrağımız daim qürurla dalğalansın!
Səfər Əlirzayev
Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi, İş adamı
