Sizin reklam burada
Sizin reklam burada

Goranboy məktəbində idarəçilik böhranı: qanun pozuntuları və ikili rəhbərlik sistemi narahatlıq doğurur

Goranboy məktəbində idarəçilik böhranı: qanun pozuntuları və ikili rəhbərlik sistemi narahatlıq doğurur

Goranboy şəhərində yerləşən Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi artıq bir neçə ildir ki, ciddi idarəçilik problemləri, qanun pozuntuları və etik qayda pozuntuları ilə gündəmdədir. Mövcud vəziyyət yalnız təhsil prosesinə deyil, həm də məktəbdə sağlam mühitin formalaşmasına mənfi təsir göstərir.

Məlumatlara əsasən, 2020-ci ilin noyabr ayından sonra məktəbdə direktor vəzifəsinin daimi əsaslarla təmin olunmaması idarəetmədə xaotik vəziyyət yaradıb. Hər il bu vəzifənin müvəqqəti şəxslərə həvalə edilməsi isə rəhbərlikdə davamlılığı pozub, nəticədə məsuliyyət bölgüsü və idarəçilik mexanizmləri iflic vəziyyətə düşüb. Bu hal “Ümumi təhsil müəssisələrinin idarə olunması Qaydaları”na və dövlət idarəçiliyinin əsas prinsiplərinə açıq şəkildə ziddir.

Xüsusilə 2024-cü ilin mart–dekabr aylarında direktor səlahiyyətlərini icra etmiş Hicran Əhməd dövründə və daha sonra yaranan vəziyyət ciddi narazılıqlara səbəb olub. Rəsmi olaraq direktor vəzifəsinin məktəbin psixoloqu Günay Şirinova həvalə olunmasına baxmayaraq, faktiki idarəetmənin başqa şəxs tərəfindən həyata keçirilməsi məktəbdə “ikili rəhbərlik” sisteminin formalaşmasına gətirib çıxarıb. Bu isə həm qanunvericiliyin pozulması, həm də idarəçilikdə şəffaflığın tamamilə itməsi deməkdir.

Əldə olunan məlumatlara görə, bəzi dövrlərdə rəsmi rəhbər iş yerində olsa belə, real qərarlar qeyri-rəsmi şəkildə başqa şəxs tərəfindən verilib. Bu isə müəllim heyəti arasında çaşqınlıq yaradıb, intizamın zəifləməsinə və tədris prosesində qeyri-sabitliyə səbəb olub. Üstəlik, rəhbər şəxsin digər fəaliyyətlərlə məşğul olması səbəbindən məktəbdə faktiki nəzarətin zəifləməsi vəziyyəti daha da ağırlaşdırıb.

07 fevral 2025-ci il tarixində rəhbərlikdə baş verən dəyişiklikdən sonra direktor vəzifəsinin yenidən boş qalması isə problemin hələ də sistemli şəkildə həll olunmadığını göstərir. Bu isə təhsil müəssisəsində idarəçilik boşluğu, məsuliyyətsizlik və nəzarətsizlik risklərini daha da artırır.

Bütün bu faktlar göstərir ki, adıçəkilən məktəbdə vəziyyət artıq lokal problem çərçivəsini aşaraq sistemli böhran həddinə çatıb. Təhsil bərabərliyinin pozulması, etik normaların gözlənilməməsi və idarəçilikdəki qeyri-müəyyənlik şagirdlərin gələcəyinə birbaşa təsir edən ciddi amillərdir.

Məsələnin aktuallığını nəzərə alaraq, aidiyyəti qurumların dərhal araşdırma aparması, hüquqi qiymət verməsi və məktəbdə sabit, şəffaf və qanunauyğun idarəçilik sisteminin bərpa olunması zəruri görünür. Təhsil sahəsi eksperiment meydanı deyil – burada atılan hər bir yanlış addım gələcək nəsillərin taleyinə təsir edir.

  • Sosial şəbəkədə paylaş