
Novruz bayramı insanların birliyini və həmrəyliyini ifadə edən ən gözəl bayramlardan biridir. Bu bayram əsrlər boyu müxtəlif xalqları bir araya gətirmiş və dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə səbəb olmuşdur.
Novruz günlərində insanlar evlərini təmizləyir, həyətlərini abadlaşdırır və bayram süfrələri hazırlayırlar. Süfrədə müxtəlif şirniyyatlar və milli yeməklər yer alır. Paxlava, şəkərbura və qoğal kimi şirniyyatlar bolluq və bərəkətin rəmzi sayılır.
Bayramın ən maraqlı adətlərindən biri də tonqal qalamaqdır. İnsanlar tonqalın üzərindən tullanaraq köhnə ilin bütün çətinliklərinin geridə qalmasını arzulayırlar. Uşaqlar papaq atır, qapılardan şirniyyat və hədiyyələr toplayırlar.
Novruz bayramı həm də insanların bir-birinə xeyir-dua verdiyi, qohum və dostlarla görüşdüyü, sevinc və xoşbəxtliyin paylaşıldığı bir gündür.
Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, həyatınıza sevinc, ailələrinizə xoşbəxtlik və süfrələrinizə bol ruzi arzulayırıq. Novruz bayramınız mübarək!
Vidadi Rəhimov
"İsmayıĺlı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru
