İspaniyanın Alsasua şəhərində fəaliyyət göstərən "Biak Bat" assosiasiyası autizm, həyəcan pozuntusu və digər psixi sağlamlıq problemləri olan şəxslərin psixososial və təhsil terapiyasında pişiklərdən istifadə etməyə başlayıb.
Bu barədə mərkəzin əməkdaşı Nerea məlumat verib.
Terapevt izah edib ki, bu heyvanlar emosional tənzimləmənin, sosial bacarıqların inkişafına, təhlükəsiz bağlılıq hissinin formalaşmasına, qəzəbin idarə olunmasına və özünəinamın artırılmasına kömək edir.
Mütəxəssis əlavə edib ki, mərkəzdə bacarıqları və xarakterləri ilə bir-birindən kəskin fərqlənən müxtəlif pişiklərlə iş aparılır:
"Bu məşğələlər insanlara streslə daha yaxşı mübarizə aparmağı, impulsları idarə etməyi və dayanıqlı emosional bağlar qurmağı öyrədir".
Qeyd olunub ki, pişiklərin daha müstəqil və proqnozlaşdırıla bilən davranışı məşğələlər zamanı sakit atmosfer yaratmağa kömək edir.
Mərkəzin proqramları müxtəlif qrupları - autizm və hiperaktivliyi olan uşaqlardan tutmuş, təşviş və stres yaşayan böyüklərə, eləcə də çətin həyat şəraiti ilə üzləşən insanlara qədər hər kəsi əhatə edir.
Bundan əlavə, qocalar evlərində də xüsusi səyyar seanslar keçirilir.

