
“Lidertv.com.az saytı”nın təsisçisi və baş redaktoru,
“Ziyalılar” qrupunun rəhbəri
İlhamə Xəlilovanın yubiley yaşına
Dünya bir çəmən,
Fələk bir külək,
Qadın bir çiçəkdir.
… Hər qadın həqiqətən bir çiçəkdir. Bu şeir parçasında deyildiyi kimi! Rəngarəng, bəzən yabanı, bəzən zərif, şəfalı, ətirli, ətirsiz və ya çox pis qoxulu, faydalı və ya təhlükəli, əsrarəngiz sirli bir aləmdir. Külək əsdikcə bu çiçəklərin hərəsini bir tərəfə sovurur.
Bəzən hədər olur bu çiçəklər, bəzən zəhər. Bəzən şəfa verir, bəzən bəla. Bəzən çox hiyləgərdir, bəzənsə çox saf. Özünü çox ağıllı zənn edər. Əslində, çox ağıllıdır. Çox zərifdir gövdəsi, ləçəkləri. Lakin bir ağacla bərabər küləyə qarşı dayanacaq qədər dəyanətlidir. Bəzən münaqişələrə səbəb olur, bəzən münaqişələrin qarşısını alır. Bəzən bir qala qurur, bəzən də bir qalanı darmadağın edib, daşı daş üstə qoymur.
Tanrımız hər qadını ayrı-ayrılıqda özünəməxsus yaradıb. Lakin əsrlər boyu, bu günümüzədək bu zərif məxluqlar özlərini gözəllik fədaisi etməkdən yorulmurlar.
Yazımın giriş hissəsində dahi Azərbaycan şairi Hüseyn Cavidin dilimizin əzbərinə çevrilmiş bir misrasını xatırlatmaz necə də yerinə düşür:
Qadın gülərsə, şu issiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
Allah insan yaratdı. İnsanı ikiyə böldü – kişi yaratdı, qadın yaratdı. Onlara qaş qoydu, göz çəkdi, qəlb verdi, bir də amal verdi, məqsəd verdi. Kişini əzmkar yaratdı, məğrur yaratdı, dözümlü, ötkəm, cəsur yaratdı. Qadını incə yaratdı. Ona zəriflik verdi, nazlı yaratdı. Bol əllə verdi qadına mərhəməti, sevgini, qayğıkeşliyi, isməti, iffəti, bir də ən müqəddəs eşqi…
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Həyatın hər əzabına, yükünə mərdliklə sinə gərən Tanrının ən gözəl əsəri qadın. Ailənin, ocağın qoruyucusu, bəşəriyyətin anası deyirlər ona. Fədakarlığı, cəfakeşliyi, zəhmətsevərliyi ilə o, ən böyük sevgiyə, ən gözəl bayrama layiqdir. Bu gün o xanımlardan birinin şad günü, bu gün onun gül-çiçək ətirli bayramıdır. Cəfakeş qadın, əlləri torpaq qoxan qadın, bütün güllərdən gözəl qadın!
Onun əlləri ta uşaqlıqdan əməyə, zəhmətə alışıb. Bu hünərini valideynlərindən – Xəlil kişidən və Zərraf xanımdan əxz edib. Uşaqlıq dövründən evin sonbeşiyi olsa da, valideynlərinə kömək edib. Bu gün ömür nərdivanının 50-ci pilləsindədir. Ancaq görkəminə baxanda ona bu yaşı heç vermək olmaz.
Söhbət uzun müddət tanıdığım, media ailəsinə mənsub olub bu sahənin şərəfini qoruyan, gecə-gündüz bilmədən bu sahənin inkişafına özünün töhfələrini verməyə çalışan İlhamə Xəlil qızı Xəlilova haqqındadır.
Ailədə 3 övlad – özündən savayı 2 bacısı olan İlhamə xanım 14 mart 1976-cı ildə Beyləqan rayonunda anadan olub. 1982-ci ildə 2 nömrəli orta məktəbin birinci sinfinə gedib və 1992-ci ildə əla qiymətlərlə bitirib. Özəl ali məktəblədən sayılan San-Marino Universitetinin İbtidai sinif və rəsm fakültəsinin məzunu olub.
2016-cı ildə “Azərbaycan” nəşriyyatında yerləşən “İnsan və cəmiyyət” qəzetində xüsusi müxbir kimi fəaliyyətə başlayıb. Bir müddət orada çalışaraq təcrübə toplayıb, maraqlı yazıları ilə həm qəzetinin nəşrində fəal iştirak edib, həm də geniş oxucu auditoriyası qazanıb.
2020-ci ildə isə “Lidertv.com.az saytı”nı təsis edib və eyni zamanda baş redaktor kimi fəaliyyətini davam etdirib.
Ailəlidir, iki övladı var – Elmir adlı oğulun, Pərvin adlı xanımın anasıdır.
***
Vətən sevgisi, vətənpərvərlik ailədən, məktəbdən, ananın, müəllimin verdiyi təlim-tərbiyədən başlayır. İlhamə xanım media sahəsinə gəldiyi günlərdən etibarən daim imkansız ailələrdə olub, onların dərd-sərinə həyan olub. Bundan əlavə 500-dən artıq şəhid və qazi ailəsinə baş çəkib, onların hər hansı probleminin aradan qaldırılması, ehtiyaclarının ödənilməsi yönündə çalışdığı mətbuat vasitəsilə onlara köməklik göstərib. Bununla da nəyə qadir olduğunu nümayiş etdirib İlhamə Xəlilova. Olduğu hər bir məkanda təmasda olduğu insanların xatirəsinə bir zamanlar qan yaddaşımız olan torpaqlarımızın işğal tarixini həkk edib. Qazandığı isə köməyinəö çatdığı insanların “sağ ol”u və bir sıra ictimai təşkilatların layiq gördüyü fəxri diplomlardır.
Bu qısa biblioqrafik məlumatdan sonra qeyd edək ki, İlhamə xanım həqiqətən zəhməti çox sevir. Soruşanda “Məni belə cavan, gümrah saxlayan əmək və zəhmət olub”, - deyir İlhamə xanım. Bu qasının adı media sahəsində çalışanların bir çoxuna tanışdır. Özünü dərk edən gündən ataların məşhur “İş insanın cövhəridir” deyimini həyat amalı bilib və bu minvalla xeyli müddət, mətbuata gələnədək çox əziyyət çəkib. Bir sözlə, halal zəhməti ilə evinin təknəsini boş qoymayıb. Bu təsərrüfatın qazancı dağlardan, ana təbiətin səxavətindən, bir də onun səxavətli əllərindən gəlib.
Çəkdiyi əziyyətin qarşılığında ailəsinə çörək aparır və deyir ki, insan kiminsə əlinə baxmamaq, kiməsə möhtac olmamaq üçün daima çalışmalıdır. Belə olmasa, gün-güzəranı xoş keçməz.
Bu gün ölkəmizdə qadınların qazandıqları uğurların təməlində onların əzmi ilə yanaşı dövlətin dəstək və qayğısı da dayanır. Məhz bu dəstək və qayğı nəticəsində bu gün yüzlərlə qadın öz həyatını, güzəranını qurub, gələcək günlərinin təməlini yaradıb. İlhamə Xəlilova da belə qadınlardan biridir. Belə zəhmətsevər qadınlarımız işləri ilə həm özlərinə fayda gətirir, xeyir verir, həm də dövlətlərinə.
Türk yazıçısı Nazan Bekiroğlu bu cür qadınları belə ifadə edib:
"Fəth etməyi deyil,
daim fəth olunmağı gözləyən qala,
ən çox bir sandalı qoynuna alan dəniz,
və çarəsiz,
və ləkəsiz
və tərtəmiz...
bütün hekayələrin qəhrəmanı,
amma güçsüz,
çünki daim ödəyən
və ödənən əvəzdir qadın..."
Hər nə qədər şablon səslənsə də, sadəlik həqiqətən də gözəllikdir! Hər qadının surəti ona məxsus cizgilərlə yaradılıb. "Gözəllik dünyanı xilas edəcək" anlayışı əslində, heç də tibbi prosedurlar sayəsində simasını tam dəyişmək mənasını kəsb etmir. Bir qadının gözəlliyi onun gözəl əxlaqı, gözəl xasiyyəti, gözəl əl qabiliyyəti, gözəl təbəssümlə gülüşü, savadlı, düzgün nitqidir. Bir qadının gözəlliyi onun sevgiylə gülən gözləridir. Çünki bir qadın sevildiyini bildiyi halda gözlərinin içi gülür və göz almacıqları daha da böyüyür, bu isə onun baxışlarını daha da mənalı edir. Bir qadın sevildiyini bilərsə, onun yanaqları ənlik, kirşansız da gözəl görünür.
Yubiley yaşına mübarək dediyimiz İlhamə Xəlilova kimi!
Və sonda ona sevgi ilə gözəlləşməyi arzu edirəm. Ən əsası da cansağlığı, gümrahlıq, ailə səadəti, Elmirin toyunu görməyi və nəticədə, özünün gözlədiyi nəvəsini qucağına götürməyi Tanrıdan istəyirəm. Məncə, bu, onun ailə üzvlərinin də, qohumlarının da, yaxınlarının da, yerlilərinin də, rəhbərlik etdiyi “Ziyalılar” qrupuna aid hər kəsin də ümdə arzusudur.
Siz həqiqətən bir çiçəksiniz, İlhamə xanım. Biz sizi – çiçək xanımı çox istəyirik. Sizə çiçək ömrü yox, çiçək ətirli, gül nəfəsli ömür arzulayıram.
Ömrümüzün bəzəyisən, gülüsən,
Övladların arzusu, diləyisən.
“Ziyalılar”ın sevilən gözəlisən,
Bizim rəhbər Xəlilova İlhamə.
Dostların adından;
Daşdəmir ƏJDƏROĞLU















