Son illərdə artan iqlim dəyişikliyi və qış aylarında bəzən havaların həddindən artıq mülayimləşməsi təkcə ətraf mühit və sağlamlıq problemlərinə deyil, həm də geoloji suallara yol açıb. Belə ki, bir çoxları belə fikirləşirlər ki, əgər qış fəslində hava qəfil istiləşirsə, deməli, zəlzələ ola bilər.
Hava proqnozlarına baxanda da fevral ayında Azərbaycan üçün xarakterik olmayan mənzərə ilə qarşılaşırıq: bu gün üçün 20, sabah üçün 23 dərəcə.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bu barədə Oxu.Az-a danışıb.
O bildirib ki, zəlzələlər, adətən, yerin bir neçə kilometr dərinliyində olur:
"Ona görə də yerin üstündə baş verən hadisələr zəlzələlərin olması üçün əsas səbəb deyil. Yəni zəlzələləri əmələ gətirən mexanizmlər tamamilə fərqlidir və havanın ona heç bir təsiri yoxdur".
