2026-cı ilin 9–13 fevral tarixlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı şəhəri ilə qardaşlıq münasibətləri olan Yaponiyanın Şizuoka prefekturasının İto şəhərinin dəvəti əsasında Yaponiyada rəsmi səfərdə olub.
Sfera.az xəbər verir ki, səfər çərçivəsində 11–12 fevral tarixlərində icra başçısı Nahid Bağırov Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Fərid Talıbovun müşayiəti ilə İto şəhərinə səfər edib.
Burada o, İto şəhərinin meri Kazuya Suqimoto tərəfindən yüksək səviyyədə və səmimi qonaqpərvərliklə qəbul olunub.
Görüş zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri, İsmayıllı rayonu ilə İto şəhəri arasında formalaşmış uzunmüddətli qardaşlaşma əlaqələrinin tarixi, əvvəlki dövrlərdə həyata keçirilmiş birgə layihələr və bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə regionlararası əməkdaşlıq çərçivəsində iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Müzakirə edilən əsas məsələlərdən biri İto şəhəri ilə İsmayıllı rayonu arasında 2014–2020-ci illərdə uğurla həyata keçirilən qarşılıqlı şagird və müəllim mübadiləsi (homestay) proqramlarının bərpa edilməsi olub. Bildirilib ki, pandemiya dövründə müvəqqəti olaraq dayandırılan bu proqramlar gənclər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, mədəniyyətlərin tanıdılması və uzunmüddətli humanitar əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
İsmayıllı rayonu ilə İto şəhəri arasında əməkdaşlığın əsası 2009-cu ildə İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında salınan “Yapon bağı” layihəsi ilə qoyulub. Bu təşəbbüs iki region arasında qarşılıqlı etimadın və mədəni yaxınlığın rəmzinə çevrilib. 2013-cü ildə İto şəhərində imzalanmış rəsmi sənəd isə Azərbaycan və Yaponiya regionları arasında ilk rəsmi “qardaşlaşma” sazişi kimi tarixə düşüb.
