Son dövrlər kredit faizlərinin yüksək səviyyədə qalması borclular arasında ciddi narahatlıq yaradır. 2026-cı ildə iqtisadi risklər və maliyyə bazarındakı dəyişikliklər kredit ödənişlərinə təsiri ilə diqqət mərkəzindədir.
Məsələ ilə bağlı Ajans.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması bank sektorunda əsas müzakirə mövzularından biridir.
Deputat bildirib ki, bu istiqamətdə müxtəlif açıqlamalar verilsə də, praktikada xüsusilə son bir ildə kredit faizlərinin artdığı müşahidə edilir. Xüsusilə istehlak kreditlərinin bahalaşması kredit götürən vətəndaşların ödəniş imkanlarının zəifləməsinə və problemli kreditlərin həcminin artmasına səbəb olur.
“İstehlak kreditlərinin faizlərinin aşağı düşməməsinin bir neçə səbəbi var. Bir tərəfdən depozit faizlərinin yüksək olması bankların kredit faizlərinə birbaşa təsir göstərir. Digər tərəfdən isə bankların ucuz maliyyə resurslarına çıxış imkanları hələ də məhduddur. Bu amillər bankların təqdim etdiyi kreditlərin faiz dərəcələrinin yüksək qalmasına səbəb olur” - deyə, Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, bu baxımdan bankların daha ucuz vəsait cəlb etməsi istiqamətində təşviq mexanizmlərinin gücləndirilməsi çox vacibdir. Çünki banklar daha sərfəli maliyyə resurslarına çıxış əldə etdikcə kredit faizlərinin aşağı salınması da mümkün olacaq.
Deputat qeyd edib ki, 2026-cı ildə də kredit faizlərinin azaldılması prioritet məsələ olaraq qalacaq. Ümumilikdə gözlənti ondan ibarətdir ki, banklar daha ucuz vəsait cəlb edə bilsələr, bu, kredit faizlərinin azalmasına gətirib çıxara bilər. Lakin hazırkı tendensiya göstərir ki, faizlər hələ də yüksəkdir və bu da kredit götürən vətəndaşların ödəniş yükünü artırır.
