Məktəbin müəllim və şagirdləri nə zamana qədər İıhamə Qasımovanın rəhbərliyindən əziyyət çəkəcəklər?
Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə tədris prosesinin təşkili ilə bağlı ciddi narahatedici məlumatlar yayılmaqdadır. İddialara görə, məktəbdə dərs bölgüsü şəffaf və ədalətli şəkildə aparılmır, müəllimlər arasında bərabərsizlik müşahidə olunur və bəzi hallarda dərs bölgüsünün qeyri-rəsmi yollarla həyata keçirildiyi bildirilir.
Valideynlər və yerli sakinlər tərəfindən səsləndirilən narahatlıqlardan biri də 10–11-ci sinif şagirdlərinin dərs prosesində davamiyyətinin zəif olması ilə bağlıdır. Bildirilir ki, bəzi şagirdlər dərslərdə iştirak etmədən məktəblə bağlı qeyri-rəsmi ödənişlər etdikləri iddiası ilə gündəmə gəlirlər. Bu kimi hallar təhsil sisteminin əsas prinsiplərinə zidd olmaqla yanaşı, şagirdlərin bilik və bacarıqlarına da mənfi təsir göstərir.
Sözügedən məktəbin direktoru İlhamə Qasımovanın fəaliyyəti ilə bağlı da müxtəlif iddialar irəli sürülür. İddialarda vəzifə səlahiyyətlərindən düzgün istifadə olunmaması və məktəbdə maliyyə məsələləri ilə bağlı qeyri-şəffaflığın mövcud olduğu vurğulanır. Əgər bu məlumatlar doğru olarsa, bu, həm təhsil mühitinə, həm də cəmiyyətin məktəbə olan etimadına ciddi zərbə vurur.
Qeyd olunan məsələlərin obyektiv şəkildə araşdırılması, aidiyyəti qurumlar tərəfindən yoxlanılması və şəffaflığın təmin olunması zəruridir. Təhsil müəssisələrində qanunçuluğun qorunması, şagirdlərin keyfiyyətli təhsil alması və müəllimlərin hüquqlarının müdafiəsi hər zaman prioritet olmalıdır.
Ümid edirik ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən ciddi araşdırma aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
