
“MTN işi” üzrə zərərçəkənlərindən olan Nizami Kazımov deyir ki, onları şərləyənlər, həyatlarını məhv edənlər bu gün də kef içindədir, sadəcə, ünvan dəyişib - dünən MTN-in İstintaq Baş İdarəsində kabinetlərdə idilər, bu gün “zona”da həmin həyat tərzini davam etdirirlər.
Yenixeber.org: Nizami Kazımov redaksiyamıza müraciətində ölkə rəhbərliyindən məsələyə təcili müdaxilə edilməsini istəyir: “Mən bunu açıq deyirəm. Mövlam Şıxəliyev cəzaçəkmə müəssisəsində yaşamır. O, faktiki olaraq Soçidəki villaların birində yaşayır. Sadəcə, ünvan olaraq 9 saylı cəzaçəkmə müəssisəsi göstərilir. Bu adam 15 il əvvəl bizi şərləyib zindanlara göndərən günlərdə necə kef çəkirdisə, bu gün də eyni kefdədir. Fərq ondadır ki, indi həmin kef “dustaq” statusu altında davam edir. Bizim həyatımızı alt-üst ediblər, elə zərərçəkənlər var ki, var-dövlətləri ilə yanaşı sağlamlığını, həyatını da itirib. Mövlam Şıxəliyevsə bu gün də qulluqçulu, kottecdə, komfort içində kurort rejimində yaşayır”.
Nizami Kazımov bildirib ki, zərərçəkmişlər ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərində də açıq şəkildə yazıblar ki, Mövlam Şıxəliyev 9 saylı cəzaçəkmə müəssisəsində ayrı kottecdə, xüsusi şəraitdə saxlanılır: “Onun telefonları açıqdır, əlaqələri limitsizdir, qeyri-rəsmi görüşləri problemsiz keçir. Ayda 20 min manat xərclədiyi deyilir. Bu pul hardandır? Hansı məhkum belə yaşayır?
Bu, artıq cəzaçəkmə deyil. Bu, MTN generalları üçün xüsusi istirahət zonasıdır. Əgər Mövlam Şıxəliyev ümumi barakda, "qara" dustaqlarla bir yerdə yaşasaydı, əmin olun, bu günə qədər bizə vurulan maddi ziyanı çoxdan ödəmək məcburiyyətində qalardı. Amma rahat həyat insanı məsuliyyətsiz edir. Ona görə də nə vicdan əzabı çəkir, nə də Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmü ilə təsdiqlənmiş borcunu xatırlayır. Eldar Mahmudovun dəstəsinin üzvləri niyə imtiyazlı məhkumlardır? Niyə MTN qurbanları bu gün kirayələrdə, səfalət içində yaşayır, MTN cəlladları isə kottecdə? 75 yaşına çatmış zərərçəkmişlər var ki, bir gün normal həyat görməyib. Pulunu əlindən alıblar, sağlamlığını məhv ediblər, ailəsini dağıdıblar. İndi də deyirlər ki, “hökm var”. Hansı hökm? Hökm kağız üzərindədir, Mövlam Şıxəliyev isə kurort rejimində yaşayır”.
Zərərçəkmiş deyib ki, məhkəmə hökmü məhkəmə zalında qalmamalıdır, cəzanın icrasında olmalıdır: “Əgər bu adamlar xüsusi şəraitdə yaşayacaqsa, biz zərərçəkənlər susmayacağıq. Mövlam Şıxəliyevlər Soçidə yaşayacaq, biz zərərçəkənlər isə 5 il məhkəmə hökmünün icrasını gözləyəcəyik?”
Zərərçəkmişlər ölkə rəhbərliyindən xahiş edirlər ki, məsələ nəzarətə götürülsün.
Xatırladaq ki, Milli Təhülkəsizlik Nazirliyi(MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev 2021-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən Mövlam Şıxəliyevin general rütbəsi alınmaqla yanaşı, həm də əmlakları müsadirə olunub.
İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olan külli miqdarda əmlak aşkarlanıb və bu, o dövrün mediasında geniş işıqlandırılıb.Söhbət dəyəri milyonlarla manat həcmində ölüçülən varidatdan gedir.
Məhkəmə zərərçəkmişlərin Mövlam Şıxəliyevə qarşı mülki iddialarını təmin edib. Bu hökmlər 5 il əvvəl çıxarılsa da, mülki iddialar üzrə zərərçəkmişlərə vurulmuş ziyan hələ də ödənməyib.(musavat)
