
Qanlı 20 Yanvar faciəsindən 36 il keçir. 1990-cı ilin həmin yanvar gecəsi Azərbaycan xalqının səsi tankların gurultusu və avtomat səsləri ilə susdurulmaq istədi. Sovet rəhbərliyinin verdiyi qərar yalnız bir şəhərə deyil, bütöv bir millətin iradəsinə qarşı yönəlmişdi.
Bakıda fövqəladə vəziyyət elan olunmadan, xəbərdarlıq edilmədən şəhərə yeridilən qoşunlar dinc əhalini hədəfə aldı. Küçələrdə hərəkət edən mülki nəqliyyat, evinə qayıdan insanlar, hətta yaralılara kömək etməyə çalışanlar belə atəşə tutuldu. Bu, hərbi əməliyyat deyil, açıq şəkildə dövlət terroru idi.
Lakin 20 Yanvar Azərbaycan xalqını qorxutmadı. Əksinə, bu faciə milli özünüdərki daha da gücləndirdi. İnsanlar başa düşdü ki, azadlıq yalnız şüarlarla deyil, qurbanlarla qazanılır. Qanlı Yanvar sovet sisteminin mənəvi süqutunun bariz nümunəsinə çevrildi.
Bu gün müstəqil Azərbaycan dövləti həmin gecə canından keçən insanların arzusunun gerçəkləşmiş formasıdır.
Namizəd İsmayılov
Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi
