
Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutur. 1990-cı ilin yanvarında baş verən bu faciə Sovet İttifaqının süqutunu sürətləndirən əsas amillərdən biri oldu. Mərkəzi hakimiyyətin həyata keçirdiyi qanlı siyasət imperiyanın iflasının qaçılmaz olduğunu bir daha sübut etdi.
Həmin günlərdə Azərbaycan xalqı təkcə hərbi gücə qarşı deyil, eyni zamanda 70 illik siyasi basqıya qarşı ayağa qalxdı. Qadın, kişi, gənc və yaşlı fərq etmədən insanlar öz milli kimliyini və hüquqlarını müdafiə edirdi. Onların qarşısına isə silahlı ordu çıxarılmışdı.
20 Yanvar faciəsi Azərbaycan cəmiyyətində dövlətçilik düşüncəsinin formalaşmasına güclü təkan verdi. Bu hadisədən sonra xalq milli maraqlarını qoruyacaq güclü dövlətə ehtiyac olduğunu açıq şəkildə dərk etdi. Sonrakı illərdə aparılan dövlət quruculuğu siyasətinin ideoloji əsasında məhz bu faciənin dərsləri dayanır.
Bu gün güclü və suveren Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin ruhu qarşısında ən böyük hesabatdır.
Aydın Rəhimov,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəis müavini
