Sumqayıt şəhərində illərdir fəaliyyət göstərən küçə ticarəti bu gün “qanunsuzdur” damğası ilə darmadağın edilib. Reyd şəhərin mərkəzi hesab olunan 20 Yanvar küçəsində keçirilib. Söküntü zamanı ərazidə qurulmuş 11 ədəd köşk xüsusi texnikalar vasitəsilə məhv edilərək ərazidən götürülüb. Hadisə bir daha göstərdi ki, Sumqayıtda “qanun” anlayışı situasiyaya və göstərişə görə dəyişir.
Mediatv.az-a daxil olan məlumata görə, söküntü Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirilib. Köşk sahibləri isə baş verənlərə kəskin etiraz edərək məsuliyyəti birbaşa Memarlıq və şəhərsalma şöbəsinin müdiri Rəşad Əhmədaliyevin üzərinə qoyurlar.Sahibkarların iddiası son dərəcə ciddidir: Köşklərin quraşdırılması üçün İcra Hakimiyyətində “səlahiyyətli şəxslərə” hər köşk üçün məlum məbləğdə ödəniş edildiyi bildirilir.Lakin illər sonra həmin köşklər qəfil “qanunsuz” elan olunaraq yerlə-yeksan edilir.Sakinlər bildirir ki,görəsən Zakir Fərəcov və onun komandası getməyə hazırlaşırmı?Gedişdən əvvəl izlərin itirilməsinə çalışırlar?
Bu halda haqlı suallar ortaya çıxır.Sumqayıtda bir mismar vurulan kimi əraziyə gələn icra nümayəndələri, ərazi idarəetmə şöbəsinin əməkdaşları bu köşklər qurularkən harada idi? Bu obyektlər şəhərin kənarında yox, düz mərkəzi küçələrdə qurulub. Onların illərlə “görünməməsi” ya idarəetmədə total səriştəsizliyin, ya da qəsdən susqunluğun göstəricisidir.
