12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü Azərbaycan tarixində böyük hörmət və ehtiramla qeyd olunan xüsusi bir gündür. Bu gün dahi dövlət xadimi, xalqın xilaskarı, müasir və güclü Azərbaycanın əsasını qoymuş Heydər Əliyevin əziz xatirəsi minnətdarlıqla yad olunur.
Heydər Əliyev sadəcə siyasətçi deyildi. O, millətin taleyinə yazılmış böyük bir şəxsiyyət, mübarizə ruhunun simvolu, əzm və qətiyyətin təcəssümü idi. Onun həyatı Vətən uğrunda fədakarlığın ən parlaq nümunəsi olub.
XX əsrin çətinlikləri fonunda Azərbaycanın qarşısında duran maneələri aradan qaldıran, milli varlığımızı qoruyan, dövlətçilik ənənələrini möhkəmləndirən məhz Heydər Əliyev oldu. 1993-cü ildə ölkənin taleyinin yenidən sınağa çəkildiyi anlarda xalqın çağırışı ilə Bakıya qayıtması həm siyasi, həm də tarixi dönüş nöqtəsi idi. O gün Azərbaycan tarixində “xilas” günü kimi yadda qaldı.
Onun qurduğu müstəqil dövlətin özülü o qədər möhkəm idi ki, bu gün Azərbaycan regionun ən güclü ölkələrindən birinə çevrilib. Hər bir uğur, hər bir yenilik, hər bir nailiyyət Heydər Əliyev ideyalarının davamıdır.
12 dekabr bizə Ulu Öndərin dəyərini, xalq üçün yaratdığı irsi daha dərindən anlamağa imkan verir. Bu gün biz onun xatirəsinə baş əyir, qəlbimizdə yaşatdığımız minnətdarlığı bir daha ifadə edirik.
Heydər Əliyev xalqın yaddaşında əbədi yaşar, onun xidmətləri zaman keçdikcə daha da aydın görünər və nəsillər üçün örnək olar.
Manaf Manafov
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəisi
