Son 22 ildə Azərbaycan misilsiz inkişaf yolu keçərək, böyük bir tarixi missiyasını şərəflə icra edib. Dünya tarixinin son yarım əsrinə nəzər saldıqda, görərik ki, çox az dövlət öz ərazilərini müharibə yolu ilə işğaldan azad edə bilib. Azərbaycan isə bu tarixi vətənpərvərlik möcüzəsini Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik diplomatik məharəti və sarsılmaz iradəsi sayəsində gerçəkləşdirdi. Bu, həm tarix, həm ədalət, həm də milli ləyaqət uğrunda qazanılmış Qələbə idi. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə təsadüfi deyildi. O, illərlə düşünülmüş, planlı və ardıcıl şəkildə həyata keçirilən siyasətin, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətçilik kursunun və Prezident İlham Əliyevin həmin kursu yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirməsinin məntiqi nəticəsi idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və Şuşa kimi strateji bölgələri işğaldan azad etdi. Xalq öz Ordusuna, Ordusu öz Prezidentinə inanırdı. 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı xəbəri bütün ölkədə misilsiz sevinc və fəxarət dalğası yaratdı. Həmin gün Prezidentin səsləndirdiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” “Əziz Şuşa, sən azadsan!, “Əziz Şuşa biz qayıtmışıq!, “Əziz Şuşa biz səni dirçəldəcəyik!, “Şuşa bizimdir!, “Qarabağ bizimdir!, “Qarabağ Azərbaycandır!” sözləri Azərbaycan tarixinin ən unudulmaz anına çevrildi. Azərbaycanın döyüş meydanındakı qələbəsi informasiya cəbhəsində də davam etdi.
2024-cü ildən etibarən 20 sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur və bu tarix müstəqil Azərbaycanın simvolik başlanğıc nöqtəsinə çevrilib. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Bu gün Azərbaycan yalnız suverenliyini qoruyan deyil, onu real məzmunda həyata keçirən dövlətdir. Enerji təhlükəsizliyinin təminatçısı, regionda sülhün və əməkdaşlığın dayağı, qlobal arenada söz sahibi kimi tanınır. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm!” ifadəsi bu güvənin, bu dövlətçilik təcrübəsinin və liderlik iradəsinin birmənalı göstəricisidir. Xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətə sədaqət – bütün bu amillər Azərbaycanı qalib dövlət, Azərbaycan xalqını isə qalib xalq səviyyəsinə yüksəltdi. Bu qürur, bu Zəfər və bu Suverenlik əbədi olacaq.
Xəyalə Töhrablı,
Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini
