Sizin reklam burada
Sizin reklam burada

Zəfər Günü milli qürur və tarixi qələbənin simvolu

Zəfər Günü milli qürur və tarixi qələbənin simvolu

Azərbaycanın şanlı tarixi səhifələrindən biri, xalqımızın əzmkarlığı və qəhrəmanlığı ilə yazılmış Zəfər Günü, 8 Noyabr tarixini əbədiləşdirir. Bu gün yalnız bir tarixi hadisə deyil, həm də bütün Azərbaycan xalqının qələbə ruhunun, milli birliyimizin və vətənpərvərliyimizin simvoludur.

2020-ci ilin noyabr ayında Müzəffər Ordumuz Vətən müharibəsində misli görünməmiş rəşadət göstərərək düşmənin mövqelərini darmadağın etdi. Ən çətin şəraitdə, yolsuz dağ yollarından, sıldırım qayalardan keçərək, qəhrəman əsgər və zabitlərimiz Şuşanı işğaldan azad etdilər. Bu möhtəşəm əməliyyat Azərbaycan xalqının qürur duyduğu, tariximizin şanlı səhifəsinə çevrildi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və dəmir iradəsi olmadan bu qələbə mümkün olmazdı. Onun strateji fəaliyyəti və Vətənə olan sədaqəti Ordumuzun hər bir hərbçisinə ruh verdi və düşmənə sarsıdıcı zərbə endirdi.

Zəfər Günü yalnız keçmişin qələbəsini xatırlatmır, həm də gələcək nəsillər üçün milli birliyin, vətənpərvərliyin və qəhrəmanlığın simvolu olaraq qalır. Bu gün biz qürurla deyirik: Azərbaycan qalib ölkədir, Azərbaycan xalqı zəfər tarixini yazmışdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı və fəaliyyəti bu qələbənin hər bir detalında öz əksini tapır. Onun sarsılmaz iradəsi və xalqına bağlılığı Zəfər Gününü əbədiləşdirən amillərdən biridir.

Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini yad edir. Zəfər Günü göstərir ki, milli birlik və əzmkar iradə ilə heç bir çətinlik Azərbaycan xalqını dayandıra bilməz. Bu gün həm də vətənimizin ərazi bütövlüyünün, dövlətimizin qüdrətinin və xalqımızın qürurunun təntənəsidir.


Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş