Sizin reklam burada
Sizin reklam burada

8 Noyabr-Zəfər Günü Qalib Azərbaycanın fəxarət günüdür

8 Noyabr-Zəfər Günü Qalib Azərbaycanın fəxarət günüdür

Azərbaycanın İkinci Qarabağ – 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə təkcə bir hərbi nailiyyət deyil, həm də yüzilliklər boyu xalqımızın azadlıq, ədalət və milli ləyaqət uğrunda apardığı mübarizənin parlaq nəticəsidir. Uzun illərdən bəri Ermənistanın işğalı altında olan doğma torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifəsidir. Bu Qələbə həm də bölgəmizdə yeni reallıqların, sülh və ədalət əsasında qurulacaq gələcəyin bünövrəsini qoydu.

44 gün davam edən bu müharibə təkcə hərbi zəfərlərin ard-arda qazanılması ilə deyil, həm də informasiya, diplomatiya və mənəvi mübarizənin bir parçası idi. Azərbaycan xalqı döyüş meydanında, informasiya cəbhəsində düşmənə qarşı möhtəşəm birlik nümayiş etdirdi. Müharibənin hər günü qəhrəmanlıq və milli ləyaqətin nümayişi idi. Qəhrəman əsgərlərimiz təkcə torpaq uğrunda deyil, ədalət və ləyaqət uğrunda döyüşürdülər. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Laçının və nəhayət, Şuşanın azad edilməsi Azərbaycan xalqının yüz illərlə davam edən azadlıq arzusunun gerçəkləşməsi idi. Hər bir şəhərin azad edilməsi xalqın qəlbində yeni bir səhifə açdı. Cəbhədən gələn xəbərlər sanki bir millətin ruhunu yenidən dirçəldirdi.

“Qarabağ Azərbaycandır!” kəlamı artıq sadəcə bir şüar deyil, xalqın milli kimliyinin ifadəsinə çevrildi. Bu müharibənin ən həlledici anı Şuşanın azad olunması oldu. Şuşa yalnız strateji məkan deyil, həm də milli mədəniyyətimizin, musiqimizin, mənəvi kimliyimizin simvoludur. Şuşanın azadlığı ilə Azərbaycan xalqı sanki ruhən tam azad oldu. Həmin gün, 8 noyabr 2020-ci il, Azərbaycan tarixində əbədi qalacaq. Həmin gün bir millətin qürur günü, bir dövlətin yenidən doğulduğu an oldu. Bu zəfər hərbi qələbə deyil, həm də mənəvi qurtuluş idi. Azərbaycan xalqı 30 il ərzində çəkdiyi ağrının, qəm-kədərin, məcburi köçkünlüyün acısının əvəzini 44 gün ərzində tarixi ədaləti bərpa etməklə çıxardı. Hər bir şəhidin qanı bu torpağın azadlığına yazıldı, hər bir qazinin izi Vətən tarixində əbədi qaldı. Müharibənin sonunda Azərbaycan regionda yeni bir reallıq yaratdı. Artıq Cənubi Qafqazda söz sahibi olan, iradəsi ilə istiqamət verən bir dövlət mövcuddur – bu dövlət Azərbaycanın özüdür.

Aydın Rəhimov,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəis müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ