
Sən haqq dünyana qovuşdun, biz isə səndən ayrıldıq
Bəzən bizə elə gəlir ki, əhatəmizdə olan, salam verib, hal-əhval tutduğumuz adamları yaxşı tanıyırıq. Münasibətlər dərinləşəndə görürsən ki, yanılmısan, sən demə, bir var zahiri tanışlıq, bir də var insanın mənəvi dünyası, daxili aləmi. Bu aləmi biz bilirikmi və yaxud bilmək istəyirikmi? Axı, daxili aləmi duymaq, ona doğru dürüst qiymət vermək hər adamın işi deyil. Ona görə də bizlərdən hər birimiz daxili düşüncələrimizi ətrafımızdan gizlədirik, bu düşüncələrlə başbaşa qalırıq.
Təəsüf ki, ancaq bir İNSANı itirdikdən sonra onun qiymətini bilirik. Ancaq gec olur. Nə etsən də o boşluq dolmur...
Dünən (sentyabrın 12-də) İlham Zibeyir oğlu Zeynalovu - gözəl insanı, yaxşı ailə başçısını, dəyərli eloğlumuzu itirdik. 70-ci payızına “əlvida” deyərək yola salmışdı, 71-ci baharına “xoş gəldin” demişdi. İsmayıllı rayonunun Basqal qəsəbəsində, qədim sənətkarlar yurdunda dünyaya göz açmışdı.
70 il yaşadı. Ancaq bəzilərinin 90 ilə görə bilmədiklərini İlham qardaşımız 70 ilə sığışdıra bildi. Müxtəlif sahələrdə, xüsusən də ictimai-iaşə sahəsində çalışmışdı. Öz işinin ustası idi. Bakıda yaşadı, yaratdı, müəyyən silinməz izlər qoydu. Qohumları, əzizləri ilə bərabər dostları da, yaxından tanıyanlar dab u yoxluğa inana, İlhamsızlıqla barışa bilmirlər.
Sonuncu dəfə ilyarım qabaq 7-ci mikrorayondakı “Şamlıq” restoranında görüşmüşdük. Həmin obyekti icarəyə götürüb işlədirdi. Obyektdəki səliqə-sahman, antisanatiya vəziyyəti normal idi. Yaratdığı şərait isə göz oxşayırdı. Oraya orta məktəb müəllimim Əhmədağa Ələkbərov, uşaqlıq dostum Hacı İlqar Hüseynzadə, qardaşı Zəfər Hüseynzadə ilə getmişdik. Bizi həmişəki kimi, gülərüzlə qarşılamış, hazırladıqları nemətləri bir su içim saatında stolun üstünə düzmüşdü. Müştərini gözlətməklə arası yox idi. Hər bir sifarişi vaxtında yerinə yetirməyi işçilərə tapşırmışdı. İctimai-iaşə sistemində sadaladıqlarım xüsusi əhəməiyyətə malikdir. İlhamın aşpazlıq haqqında bilgiləri çox idi, hazırlıq – qonaq qarşılayıb yola salmaq işlərini gözəl bilirdi. Hərə bir işin qulpundan yapışır, o da bu işin ustası idi. Həmişə də deyirdi ki, a başınıza dönüm, müştəri ac gəlir də. Ona yaxşı xidmət etmək, qulluğunda normal durmaq, dadlı yeməklərlə, təamlarla zövqünü oxşamaq lazımdır ki, ikinci, üçüncü dəfə də gəlsin.
Adətən basqallıların daha çoxunu bu sahənin bilicisi kimi tanıyır, qələmə verirlər. Mən ilk dəfə redaksiyada işə düzələndə telefonda səsimi eşidən eloğlumuz, təcrübəli jurnalist Mehman Cavadoğlu sonradan özümə demişdi ki, basqallılar ya ictimai-iaşə, ya da maşın təmiri sahələrində seçilirlər, demək olar ki, birincidirlər. Bəs nə əcəb bu sahəyə düşmüsən? Həqiqətən də belədir. Bu mənada İlham Zeynalov da birinci idi..
Heyhat, aramızdan tez köçdü, daha doğrusu, arzularının gerçəkləşdiyi məqamlarda bizi tərk elədi. Övladlarını yerbəyer eləmişdi, baba olmuşdu. Qohum-əqrəbaya qarşı çox diqqətcil, məsuliyyətli idi. Kimsə ondan nə vaxtsa incidiyini dilə gətirməmişdi. Çünki rəhmətlik Zibeyir əmi də bu təbiətli KİŞi idi, xarakterdə atasına çəkmişdi İlham Zeynalov.
Nə edəsən ki, axı ömür yolu, tale qisməti bizi yaradanın ixtiyarındadır, bizlərə qədər yaşamış əcdadlarımız bu yolu keçmiş, xatırlanaraq əbədi bir tarixə çevrilmişlər.
Bu gün bizlərə xatirə olaraq qəlbimizdə ayrılıq həsrətini yaşadan bir insanı kövrələrək yada salır, onunla birlikdə keçirdiyimiz xoş günlər bir daha gözümüz önündə canlanır. Gəlimli-gedimli dünya sirrini heç kimə verməyərək, hər birimizə bu dünya həyatını görməyə imkan verən və qəfil əlimizdən alan sirli-sehrli həyat, sən nə qəribəsən? Bir vaxtlar bizimlə birlikdə olan canlı bir insan indi bir şəkildən onun xatirəsini yad edən insanların toplaşdığı mərasim zalında bizlərə doğru baxır, gözlərində necə dərin mənalar olduğu aydın sezilir…
Fransız yazıçısı Onere de Balzak fəlsəfi kəlamlarının birində dəyərli sualına özü cavab verir: “Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq”. Bəli, İlham qardaşımız məhz gözəl qəlbli idi.
Xatirələrimizdə əbədi qalmağı bacaran İlham qardaşımız haqq dünyasına qovuşdu, biz isə ondan ayrıldıq. Bu müvəqqəti, fani, ötəri dünyada ulu Tanrının qismət etdiyi şərəfli bir ömür yolu yaşadı.
Ailəsinin , onu tanıyanların qəlbində hər zaman əbədi yaşayacaq, İlham Zeynalov!
Ruhuna dualar oxuyaraq, Allahdan rəhmət diləyirik sənə əziz qardaşımız! Ruhun şad, yerin cənnət olsun, İlham Zeynalov! Amin!
Daşdəmir ƏJDƏROĞLU
