Qan xərçənginə səbəb olan "HTLV-1" virusunun müalicəsi tapılıb.
İnsanın İmmunçatışmazlığı Virusunun (HİV) müalicəsi üçün nəzərdə tutulan tenofovir və dolutegravir dərmanları qan xərçənginə səbəb ola bilən "HTLV-1" virusunu effektiv şəkildə boğur.
Bunu "Cell" jurnalında dərc olunan araşdırma göstərib.
Təcrübədə immun sistemi insan hüceyrələrindən götürülən xüsusi siçanlardan istifadə edilib. İki dərmanla müalicə kursundan sonra virus T hüceyrələrinin daxilində fəaliyyətini praktiki olaraq dayandırıb.
Alimlərin fikrincə, HTLV-1 HİV-in "qohumu" hesab edilə bilər, çünki o, immun sisteminin eyni hüceyrələrinə təsir göstərir. Virus uzun illər bədəndə qala bilir, tədricən ağır nəticələrə, o cümlədən T-hüceyrəli leykemiyaya (qan xərçənginin bir növü) və onurğa beyninin xroniki iltihabına səbəb olur.
Qeyd olunur ki, indiyədək HTLV-1-in gedişatını ləngidə və ya dayandıra bilən peyvənd, ya da effektiv terapiya yox idi.
İş zamanı tədqiqatçılar yeni yanaşmanı da sınaqdan keçiriblər: virusa yoluxmuş hüceyrələrin sağ qalmasına cavabdeh olan MCL-1 zülalının blokerləri ilə antiviral dərmanların kombinasiyası. Bu birləşmə yoluxmuş hüceyrələri sağlam olanlara təsir etmədən selektiv şəkildə məhv etməyə imkan verib.
"Bu, təkcə HTLV-1-in qarşısının alınmasına deyil, həm də artıq yoluxmuş xəstələrin mümkün sağalmasına ümid verir", - tədqiqatın müəllifləri yekunlaşdırıblar.
