
Qədim vaxtlardan bu yana adət-ənənələrini qoruyub saxlayan Novruz bayramının özünəməxsus qeyd edilmə formaları var. Digər bayramlardan fərqli olaraq Novruz təkcə ayın 20-21-i keçirilmir. Ondan düz 4 həftə əvvəl artıq bayrama, baharın gəlişinə hazırlıqlar başlayır. Çərşənbələr su, od, yel və torpaqdır. Hər birinin xüsusi yeri və mənası olan bu çərşənbələr Novruzun gözəlliyinə rəng qatırlar. İlin ilk çərşənbəsi Su çərşənbəsidir. Su dünya üçün ən önəmli ünsürlərdən biridir. Su çərşənbəsi adətən çaylardakı buzların əriyərək çaya qarışdığı, havaların yavaş-yavaş isinməyə başladığı vaxta təsadüf edir. Yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifləri mövcuddur. Təsadüfi deyil ki, miflərdə suyun insan yaradılışını göstərməsi və Novruzun da ilin yenilənməsi kimi qəbul edilməsi elə Su çərşənbəsinin ilk çərşənbə olmasının mifik açıqlamasıdır. İkinci çərşənbə isə Od çərşənbəsi adlanır. Həmçinin Od çərşənbəsinin də öz növbəsində mifoloji təhlili var. Buna əsasən, od insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar. Küçələrdə, məhəllələrdə tonqallar yandırılır və "ağırlığım, uğurluğum bu odda yansın" deyərək odun üstündən tullanırlar. Od nə qədər hərarətli və nəhəng olarsa, bir o qədər yaxşıdır. Gənclər odun başına toplaşıb yumurta döyüşdürür, şeirlər, mahnılar oxuyurlar. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsi adlanır. Həmin gündən etibarən artıq bəzi ağaclarda tozlanma başlayır. Bu isə küləyin hesabına əmələ gəlir. Necə ki, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir. Yel çərşənbəsi ilə bağlı mifologiya isə torpaq və su insan yaradılışının materialı, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Dördüncü və son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Yazda torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma ilə əlaqədardır. Dörd həftə ərzində su təbiəti, torpağı suladı, od torpağı qızdırdı, yel təbiəti oyatdı indi isə sıra torpaqdadır, əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Çərşənbə dönəmində el arasında Novruzla bağlı fərqli və maraqlı adətlər yerinə yetirilir. Bu bayram qədim tarixlərə dayandığı üçün ildən-ilə yeni adətlər ortaya çıxıb və nəsildən-nəslə ötürülüb. Bunlar arasında ən birinci papaq atdıdır. El adətinə görə kiminsə qapısına papaq qoyur, sonra da qaçıb gizlənirsiniz. Həmin ev sahibləri papağı doldurub, götürdükləri yerə qoyurlar. Bu adətdə bir qanun var "atılan papağı heç vaxt boş qaytarmazlar ". Növbəti adət isə qulaq falıdır. Bu zaman gənclər yenə özlərinə bir ev seçirlər və ürəklərində niyyət tuturlar. Gizlincə qulaq asmağa başlayanda ilk eşitdiyiniz söz əgər müsbətdirsə, bu zaman sizin diləyiniz həyata keçəcək, yox əgər mənfidirsə, necə deyərlər "bəxtinizi bir daha sınayın". Ən maraqlısı və gənclərin daha çox marağında olduğu isə üzük falıdır. Bu zaman nişanlı biri öz üzüyünü bir sapa və ya nişanlı şəxsin saçından qoparılmış bir telə bağlayır. Bir stəkana su doldurulur və üzük stəkanın içinə salınır. Üzük neçə dəfə stəkanın divarlarına dəysə bu, o deməkdir ki, fal kimin üçün baxılırsa, həmin şəxs o yaşda ərə gedəcək. Yumurta döyüşü isə balacadan-böyüyə hər kəsin sevdiyi bir adətdir. Kimin yumurtası qırılsa, ya öz yumurtalarını verməli, ya da qarşıdakının hər dediyini etməlidir. Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: "Qoy odlu-ocaqlı olsunlar". Subay qızlar isə arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını arxaya atarlar. Əgər ayaqqabının burnu qapıya tərəf düşsə, deməli yaxın vaxtda ərə gedəcəklər. Novruz bayramı səhəri hər kəs bir-birinə ziyarətə gedər, küsülülər barışar. Novruzu xüsusi və əvəzolunmaz edən də elə bunlar, ən maraqlısı isə camaat arasında qurulan şənliklərdir.
Novruzda keçirilən əyləncənin baş qəhrəmanları isə bir-birinə atmaca atan, yola getməyən, amma bunu gülməli şəkildə edən Kosa ilə Keçəldir. Maraqlı oyunlar oynayıb insanları şənləndirmək onlara ən xoş xatirədir. Rəngli geyimlər geyinir, qəribə danışıq və hərəkətlər sərgiləyir, şənlik zamanı hər kəsə ən az bir şeir və ya mahnı oxudur, yarışlar keçirirlər. Milli mahnılarımızdan oxuyub, yallı getmək isə Novruzun rəmzlərindən biridir. Keçirilən maraqlı yarışlardan biri elə səməni və xonça yarışıdır. Kimin səmənisi yaxşı cücərib, xonçası daha maraqlıdırsa, qalib də elə odur. Xonça hazırlamağın da özünəməxsus qaydası var. Xonçada "s" hərfi ilə başlayan 7 nemətin olması mütləqdir. Təpsinin ortasına səməni qoyulur, ətrafına rəngli yumurtalar düzülür. Səməni həyatın dirçəlməsi mənasına gəlir, elə buna görə də, ondan hazırlanan halva 7 evə paylanılır. Yumurta isə ya boya, ya da qaynadan zaman suya soğan qabığı atmaqla rənglənir. Bundan sonra xonçaya bişirilən şirniyyatlardan, fındıq, qoz, püstə kimi nemətlər qoyulur. Ən sonda təpsinin kənarlarında evdəki ailə üzvləri qədər şam yandırılır. Xonça həmçinin bolluq-bərəkət, şirin və günəşli ömrü təmsil edir. Bişirilən şirniyyatlar digər bayramlarla müqayisədə kəmiyyətcə çox olur. Çünki papaq atılan, evə qonaq gələn zaman bayram payı olaraq nemətlərdən qoyulur. Novruzu istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimiz təmtəraqla qeyd edir. Bu bayramın möhtəşəmliyini, gözəlliyini və əvəzedilməzliyini ulu öndər Heydər Əliyev də hər zaman vurğulayıb: "Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır".
Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli
olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!
Asif İsmayılov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini