
Xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faciəsindən otuz beş il ötür. Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb. Plana əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil edilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunur.
Ümumiyyətlə, 20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Məlum olduğu kimi, keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.
Keçmiş Sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Məlumat üçün vurğulayaq ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, bu hadisə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Bütövlükdə, 20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
20 Yanvar faciəsinə laqeyd və qərəzli münasibət xalqımıza qarşı xəyanətkar mövqeyin əyani ifadəsi idi
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Ümumiyyətlə, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Digər tərəfdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.
Heç şübhəsiz, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 30 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvi, professor