Sizin reklam burada
Sizin reklam burada

COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq dövrü və tədbir ərzində qarşıya çıxacaq məsələlərin operativ həlli və səmərəli məlumat mübadiləsinin təmin olunması məqsədilə AYNA-da Qərargah yaradılıb və fasiləsiz fəaliyyət təmin edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"AYNA-nın Monitorinq mərkəzi vasitəsilə COP29 zamanı daşımalara cəlb olunan avtobusların 24 saat ərzində izlənməsi həyata keçirilir. Sərnişinlərin COP29 müddətində ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün daşıyıcılarla iş aparılır, xəttə tələbata uyğun sayda avtobus cəlb olunması təmin edilir.

Həmçinin 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək", - məlumatda deyilir.

AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

"Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək. Qeyri-iş günləri - 9 və 12 noyabr tarixlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi "Bakı KOB evi"ndə fəaliyyətini davam etdirəcək. Məqsəd beynəlxalq yükdaşımaların fasiləsizliyinin təmin edilməsidir", - AYNA qeyd edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ