Sizin reklam burada
Sizin reklam burada

Şanlı Zəfər tariximiz 8 noyabr!

Şanlı Zəfər tariximiz  8 noyabr!


Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

Ötən 30 ilə yaxın müddətdə Ermənistanın cəbhəboyu təxribatları mütəmadi xarakter almış, bu təxribatlar müəyyən dövrlərdə hərbi qulluqçularımızın və mülki əhalinin sırasından itkilərə, eyni zamanda sağlamlığa ciddi ziyan vurulmasına səbəb olmuşdur. Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdur. 2020-ci ilin avqust ayında Ermənistanın diversiya qrupunun təmas xəttini keçərək terror aktları törətmək kimi düşmənin daha bir məkrli planı iflasa uğramışdır.

Şanlı Zəfər tariximiz  8 noyabr!

Son illər ərzində beynəlxalq hüquq normalarına zidd olan bu cinayətkar əməllərin törədilməsi ilə yanaşı, Ermənistan rəhbərliyinin müharibə ruhlu çıxışları, işğal altında olan ərazilərə qeyri-qanuni səfərlər etməsi, Ermənistanın hazırkı baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" deməklə provokativ çıxışlara yol verməsi və təxribat dolu bəyanatlar səsləndirməsi, bu ölkənin ozamankı müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə" çağırışı, işğal altında olan ərazilərimizdə yerləşən separatçı quldur dəstəsinin başçısının Şuşada inaqurasiya mərasiminin və qanunsuz "parlamentin" Xankəndidən Şuşaya keçirilməsi ilə bağlı spekulyativ qərarların verilməsi və bununla da münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqeyin davam etdirilməsi illərdir sürən sülh danışıqları prosesini sıfır nöqtəsinə gətirmiş oldu. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

Əlbətdə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Bəli 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...

30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.


“Qarabağ bizimdir!”,
“Qarabağ Azərbaycandır!”



Könül Süleymanova,
Gəncə şəhəri, 7 saylı tam orta məktəbin direktor müavini

  • Sosial şəbəkədə paylaş