Sizin reklam burada
Sizin reklam burada

Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir

Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir


Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. Azərbaycan Respublikası isə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.

Yeni mərhələdə ölkəmizin qarşısında tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrdəki iqtidar zamanın tələblərinə cavab verə bilməmişdir. Bu isə tez-tez hakimiyyət dəyişikliyi ilə müşayiət olunur, torpaqlarımız “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edilir, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilir. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə isə ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənir. İdarəetmədəki kobud nöqsanlar və hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükələrlə qarşılaşmışdı.

Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi.

Belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.

Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.

Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.

Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu öndərimizin titanik fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə «Avropa dövlətlərinin ailəsi» sayılan Avropa Şurasına qəbul edildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci ilin noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.

Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir.

Müstəqilliyimizin 33-ci ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.




Gülmirə Əlsöhbətova,
Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxı rayonu Muğanlı kənd İ.Rəsulov adına tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ