1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirmişdir. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Müstəqillik haqqında aktın qəbul olunmasının 30-cu il dönümündə biz həm müstəqilliyimizin bərpasının 33-cü il dönümünü , həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin 4-cü ildönümünü qeyd edirik.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur.
Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir..Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Əkrəm Babayev,
Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru,
1-ci və 2- ci Vətən Müharibəsinin iştirakçısı, Müharibə Veteranı