Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə etmək şansı qazanmışdır. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci dəfə müstəqil olma şansı bir də 70 il sonra, sovet imperiyasının dağılması nəticəsində yarandı. Nəhayət, 1991-ci il oktyabrın18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.
Yenicə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və başqa dövlətlər tanıdı.
Ölkəmiz müstəqil dövlət kimi 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edildi. Hazırda Azərbaycanla 170 ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanın 60 ölkədə səfirliyi, 4 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 şəhərdə konsulluğu fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 43 ölkənin səfirliyi və 3 baş konsulluğu fəaliyyət göstərir. 33 ölkənin isə səfiri eyni zamanda Azərbaycanda akkreditasiya olunmuşdur. Azərbaycanda beynəlxalq təşkilatların 16 nümayəndəliyi fəaliyyət göstərir. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyində olanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyən edən əsas meyarlardan biri kimi müəyyən olundu.
Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, eləcə də gələcək uğurlarımızın həlledici əsasıdır. Tarixin amansız sınaqlarına dözə bilməyərək dünyanın müxtəlif ölkələrində yaşamağa məcbur olan həmyerlilərimizin birlik və həmrəylik əldə etməsi uğrunda müstəsna xidmətlər göstərmişdir
Xüsusilə 2020-ci il sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq əks-hücumla başlanan 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini, onun müstəqillik və ərazi bütövlüyünün toxunulmaz olduğunu sübut etdi. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət tarixi ədaləti bərpa etməklə 30 illik işğala son qoydu. Müstəqil Azərbaycan Respublikası suveren hüququndan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıq yaratmış oldu. İndi Azərbaycan xalqı üç rəngli dövlət bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərimizdə ucaldılaraq əzəmətlə dalğalanmasından qürur duyur bu Möhtəşəm Zəfəri nəsib etdiyinə görə yenilməz Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirir, Müzəffər Ordumuzun keçdiyi şərəfli döyüş yolundan iftixar hissi keçirirlər.
XX yüzillikdə xalqımızın qazandığı ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.
Tarix boyu Azərbaycan ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxmışdır. Bu gün də Qarabağ müharibəsində düşmənə endirdiyimiz "dəmir yumruq" buna əyani sübutdur. Ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti xalqın özünə olan inamını geri qaytardı. Şübhə yoxdur ki, torpaqlarını işğaldan azad etmiş xalqımız bundan sonra müstəqilliyini daha da möhkəmləndirəcək, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparacaq, sülh və əmin-amanlıq şəraitində yaşamağa davam edəcəkdir.
2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı artıq 1991-ci ildən sonra bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu göstərir.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi dönməzdir , əbədidir!
Yaşasın Müstəqil Azərbaycan Respublikası!
Azərbaycan xalqına eşq olsun!
Səbinə Əliyeva
24 №-li tam orta məktəbin direktoru