......İllərdən 1986 cı il..
O zaman rəhmətlik anam Rəfiqə xanım da var idi. Ailənin ilk böyük oğluyam deyə dəbdəbəli kiçik toy edirdilər mənim üçün. Kirvə seçimi çətin oldu.
....O zamanlar indiki kimi deyildi ki, aparasan uşağı xəstəxanaya cərrah sünnət edə gətirəsən evə. O zamanlar dəllək dediyimiz varlığı evə çağırardılar. Uşağa kirvə tutardılar. Bu kirvəlik yeni bir qohumluğun təməli olurdu. Kirvə, kirvəsi olduğu uşaq üçün əmi qədər, dayı qədər və bəzən də ondan ötə doğma olurdu.
...Atamın iş yoldaşlarından və münasibəti olduğu dostlarından kimlər gəldisə heç birini kirvə kimi qəbul etmədim. Həmin vaxt Arif dayını çağırdılar. Başında həmişə papaq olardı. Köhnə başı Papaqlı Kişilərdən qalan adəti davam etdirirdi. İlin bütün fəsillərində başında Papağı var idi Arif dayının. Necəliyi bir o qədər yadımda qalmasa da dedim ki, kirvəm bu papaqlı Kişi olsun. Əvvəldən olan qohumluq bağı yenidən bərkidildi. Alim əmimin yoldaşı Fəridə xanım Arif dayının bacısıdır. Üstündən 40 ilə yaxın bir müddət keçir bu qohumluğun-kirvəliyin. Zamanla bu qohumluq daha da irəlilədi. Heç zaman bizim bu kirvəliyimizin nizamı pozulmadı. Təbii ki, sonrakı dövrlər də bu dinamika yüksələn xəttlə davam etdi.
Bizdən sonra nəsildə olan uşaqların hamısı, əsasən də Alim əmimin uşaqları atama "böyük papa", anama "böyük mama" deyirdilər. Bu deyim sonralar Arazın və Arzunun dilində də tələfüz edildi.
Arif dayı atamdan bir yaş böyük idi. Amma atamdan bir sonra ailə qurmuşdu. Həmişə atamın toyuna gəldiyini sevərək danışırdı. Atamın toyu olan zaman Arif dayı Bakıda Texnikomda oxuyurdu. Məqamıdır qoy elə Arif dayının elektrikliyindən-mantyorluğundan yazım. Lahıcdan yuxarı olan bütün kəndlərin işiq-elektrik sistemi Arif dayıdan soruşulurdu. Qara, çovğuna, şaxtaya, yağışa və istiyə baxmadan ilin istənilən fəslində yaranan qəza üçün onu həmin regionun istənilən kəndində və ya yollarında görmək olardı. Bəzən işığın bərpa olunması üçün bir neçə günlər evə də gəlməzdi. İşıqçı Arif deyirdilər adına. İşığı kəsilən evlərin işığı olurdu. İstəməzdi ki, heç kimin evi işıqsız qalsın. Zatən həmin kəndlərdə olan da bir işıq idi. Yol yox, su yox, qaz yox. Sonralar su və yol problemi qismən də olsa öz həllini tapdı.
....Mənim uşaqlıq illərimin çox hissəsi-əsasən yay ayları kəndimizdə- Yuxarı Cülyanda keçərdi. Düşəcək və qalacaq ünvanımız Ramazan əmimgilin( ruhu şad olsun) evi olsa da zamanımızın bir hissəsi də Arif dayıgildə keçərdi...
Arif dayı kəndimizin az sayda olan və kəndin tarixini bilən sonuncu Ağsaqqalarından biri idi. İndi idi yazıram. Çünki, sabah Arif dayı bizimlə fiziki və bioloji olaraq olmayacaq. Yaşayacaq! Ruhu və xatirəsi yaşayacaq.
Yeni bir yolçuluğa başladı Kirvəm! Əminəm ki, Uca Yaradan Arif dayını öz Cənnəti ilə mükafatlandıracaq. Arif dayı bu həyatda birgə ömür sürdüyü öz Cənnətindən ayrılıb Tanrının ona bəxş edəcəyi Cənnətə üz tutdu. Yeni yolun və yolçuluğun mubarək Papaqlı Kişi!
Sənlə bağlı daim yaddaşımızda xoş siman və şirin təbəssümün qalacaq. Rahat uyu Papaqlı Kişi! Ona görə rahat uyu deyirəm ki, səndən sonra İşığını yandıracaq və ocağını daim közlü-yanar edəcək oğlun Araz var!
Biraz gec, biraz tez, hamı bu dünyadan köçəcək. Əgər o dünya dedikləri yaşam varsa mütləq görüşəcəyik Kirvəm! Xəstə olduğun zaman səni ziyarət edə bilmədim. İşlə bağlı dəfnində də iştirak edə bilmədim. Yəqin ki, bu səndə mənə qarşı bir inciklik yaratmaz. Yazdığım bu xatirə yazısı sənin incikliyini az da olsa xəfiflədər. Arazın və Cənnət gəlinbacının səbri tükənməsin!
Sayğılarımla: kirvən Yusif Məhəmmədoğlu