Sizin reklam burada
Sizin reklam burada

Müəllim adını dünyanın ən şərəfli varlıqları daşıyırlar

Müəllim adını dünyanın ən şərəfli varlıqları daşıyırlar


Müəllim adını dünyanın ən şərəfli varlıqları daşıyırlar. Milyonlarla insan bu adın ziyasından işıq alır. Bu ad bizə əlimizdən qələm tutaraq ilk dəfə ana, vətən kəlmələrini yazdıran varlıq, ilk dəfə bizə həyatı bütün boyaları ilə dərk etdirən məxluqdur. Vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu adın qarşısında baş əyir-Ümummilli lider də müəllim adının müqəddəsliyini daim vurğulamışdır. Bəli, müəllim sözün əsl mənasında müqəddəs varlıqdır. İnsanlara elm öyrətməklə öz həyatını şam kimi əridən, qəlblərdə əbədi taxt quran bir şəxsiyyətdir.

Azərbaycan cəmiyyətində müəllim peşəsi həmişə hörmətli, sayılıb-seçilən peşələrdən olub. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni gələcək mütəxəssisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir valideyn məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Əsl müəllim isə həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır.

Bu şərəfli peşə sahibləri hər birimizin həyatında ikinci valideyn rolunu oynayır. Müəllim yeni təfəkkürlə böyüyən gənc nəslin mənəvi aləminin əsl memarıdır. Dahi Atatürkün dediyi kimi, “Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir”. Şair demişkən “hər könüldə yeri olan” müəllimlərimiz qəlbimizdə əzəmətli taxt qurublar. Müəllim uşaqlığımızdan qocalanadək hər birimizin təfəkküründə saf, təmiz duyğulara malik bir şəxsiyyət kimi qalmaqdadır.“Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”-deyən Ulu öndər məktəblə, maariflə həmişə sıx bağlı olmuşdur-“…hesab edirəm ki, cəmiyyət harada olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin savadına, biliyinə, müəllimə kömək etməlidir…

” Müəllimlik peşəsini ürəkdən sevən, müəllim əməyinə yüksək qiymət verən dahi şəxsiyyət Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını qürur hissi ilə qəbul etmişdir. Müəllimlik adını çox yüksəkdə tutan və müəllimliyə müqəddəs bir peşə kimi baxan Heydər müəllim “ …Mən Аzərbаycаnın sаdə vətəndаşıyаm. Bu аddаn yük­sək аd yохdur. Аncаq bundаn dа yüksək аd müəllimlikdir…”-demişdir. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlamış, bu müqəddəs peşə sahiblərinin qayğısına qalmış, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə etmişdir. Ulu Öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə, məktəbə və müəllimə borcluyuq-o dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı.


Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır. 5 Oktyabr - Peşə bayramı münasibəti ilə Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan bütün müəllimləri təbrik edirəm. Hər daim var olasınız Əziz və dəyərli müəllimlər!



Könül Süleymanova,
Gəncə şəhəri, 7 saylı tam orta məktəbin direktor müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ