Düşünürəm ki, ən şərəfli, ən ülvi, ən uca ad olan müəllimlik dünyada ən çətin, eyni zamanda ən müqəddəs və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edən şəxsiyyətlərdir. Məhz müəllimlər valideynlə bərabər, bəlkə də, ondan daha çox istənilən uşağın hər cür şıltaqlığına, əziyyətinə dözür, kədəri ilə kədərlənir, sevinci ilə sevinir-bu müəllimlərin üzərinə düşən ən ağır yükdür. Bəşəriyyət etiraf edir ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir-bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu mənən yetkinləşdirir. Hazırda dövlətimizin qazandığı müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin nəticəsidir. Müəllimləri yeni cəmiyyət quruculuğunun memarları hesab etsək səhv etmərik-axı hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix Ulu öndər tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilmişdir. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir. Heç şübhəsiz ki, müstəqil Azərbaycanın müəllimlər ordusu həmişə olduğu kimi bundan sonra da xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəklər. İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəfli olduğu kimi, hər bir peşə sahibi də hörmətə layiqdir-lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, hər bir fərdin yetkin vətəndaşa çevrilməsinə öz töhfələrini verirlər-bunlar əlbəttə ki, MÜƏLLİMlərdir.
Hal-hazırda məktəblərimizdə yüksək qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur. Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. Məhz bu inkişafın davamı olaraq, heç şübhəsiz ki, müstəqil Azərbaycanın müəllimlər ordusu xalqın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, Vətənə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Hər birimizə yazmağı, öyrənməyi, düşünməyi öyrədən müəllimlər bizim qürur mənbəyimizdir.
Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. 5 Oktyabr - Peşə bayramı münasibəti ilə Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan bütün müəllimləri təbrik edirəm. Hər daim var olasınız Əziz və dəyərli müəllimlər!
Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi