Sizin reklam burada
Sizin reklam burada

Süni intellektin Azərbaycana təsiri: XƏBƏRDARLIQ - Bu peşələr sıradan çıxacaq

Süni intellektin Azərbaycana təsiri: XƏBƏRDARLIQ - Bu peşələr sıradan çıxacaq

“Süni intellekt və avtomatlaşdırma texnologiyalarının sürətli inkişafı qlobal əmək bazarına təsir etməklə yanaşı, təhsil sistemində də mühüm dəyişikliklərə səbəb olur. Xüsusilə Oksford Universitetinin araşdırmalarına əsaslanan proqnozlar göstərir ki, yaxın 10 il ərzində bir çox ənənəvi işlər texnoloji proseslər tərəfindən əvəzlənəcək. Bu dəyişiklik Azərbaycan universitetlərinin tədris etdiyi ixtisaslara da əhəmiyyətli dərəcədə təsir göstərə bilər”.

Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Süni intellektin ölkəmizə təsirini geniş təhlil edən ekspertin sözlərinə görə, Azərbaycanda xüsusilə bank sektoru, poçt xidmətləri və turizm sahəsində çalışanlar avtomatlaşdırmaya meyilli işlər görürlər:

“Avtomatlaşdırmanın təsiri ilə bir çox sahədə bəzi mövcud ixtisaslar tarixə qovuşa bilər. Ancaq bu, eyni zamanda yeni imkanlar açacaq və Azərbaycan universitetlərində yeni ixtisasların yaradılması ehtimalını artırır. Bu ixtisaslar aşağıdakı sahələrdə olacaq:

- Süni intellekt mühəndisliyi: Dünyada sürətlə inkişaf edən AI (Artificial Intelligence) texnologiyaları tələb edir ki, yeni nəsil mütəxəssislər süni intellektin inkişafı və tətbiqi üzrə təlim keçsinlər.

- Data analitikası və Data elmi: Böyük verilərin təhlili və təfsiri artıq əksər biznes sahələrinin əsas elementlərindən birinə çevrilir. Buna görə də Data analitiki kimi ixtisasların daha geniş yayılması gözlənilir.

- Robototexnika mühəndisliyi: Robotlar artıq istehsal sahəsində geniş istifadə edilir və onların idarə olunması üçün mütəxəssislərə ehtiyac yaranır.

- Kiber təhlükəsizlik və blockchain texnologiyaları: Süni intellekt və avtomatlaşdırmanın inkişafı ilə kiber təhlükəsizlik vacib bir məsələyə çevriləcək və bu sahə üzrə mütəxəssislərə tələb artacaq.

- Sağlamlıq və texnologiyanın inteqrasiyası: Tibbi robotlar və süni intellekt ilə işləyən tibbi texnologiyalar yeni ixtisaslar tələb edəcək, məsələn, bioinformatika və tibbi mühəndislik sahələri”.

K.Əsədov qeyd edib ki, müasir dünyada ixtisas seçərkən tələbələr bir neçə əsas amili nəzərə almalıdırlar:

“Texnologiyaların gələcəkdəki təsirini nəzərə almaq: Tələbələr seçdikləri ixtisasın süni intellekt və avtomatlaşdırma ilə əvəz edilə bilib-bilməyəcəyini dəyərləndirməlidirlər. Məsələn, aşağı ixtisaslı işlərdə çalışanlar avtomatlaşdırma riski altındadır.

Adaptasiya bacarıqları: İş dünyasının dəyişkən olması səbəbindən tələbələr bir ixtisasa bağlanmaq əvəzinə müxtəlif bacarıqlara sahib olmağa çalışmalıdırlar. İnterdisiplinar təhsil almaq və müxtəlif sahələrdə öyrənməklə daha geniş imkanlara sahib olmaq mümkündür.

İxtisaslar üçün gələcək proqnozları: Tələbələr seçim edərkən gələcəkdə hansı sahələrin inkişaf edəcəyini və hansı sahələrdə iş imkanlarının azalacağını təhlil etməlidirlər. 10-15 il sonranı nəzərə alaraq, texnologiyanın inkişaf edəcəyi sahələrə yönəlmək daha məqsədəuyğun olar”.

Ekspert Azərbaycanda robotlaşma və süni intellekt texnologiyalarının tədris və iş dünyasına inteqrasiyasının hələ ki, yetərli səviyyədə olmadığını bildirib. O, bu sahədəki inkişaf üçün bəzi önəmli addımlar atılmalı olduğunu vurğulayıb:

“Universitetlərdə STEM (Science, Technology, Engineering, Mathematics) sahələrinin genişlənməsi və müasir texnologiyaların tədrisi əhəmiyyətli olacaq. Robot texnikası, süni intellekt və proqramlaşdırma kimi fənlərin tədrisi artırılmalıdır.

Eyni zamanda universitetlərdə texnologiya sahəsində təcrübələrin keçirilməsi üçün laboratoriyaların qurulması zəruridir. Bu, tələbələrə real texnologiya ilə işləmə imkanı yaradacaq.

Universitetlər beynəlxalq universitetlərlə əməkdaşlığı genişləndirərək, tələbələrə və müəllimlərə süni intellekt, avtomatlaşdırma texnologiyaları sahəsində qabaqcıl təcrübələr əldə etməyə şərait yaratmalıdırlar”.

Kamran Əsədov son olaraq süni intellektin müsbət və mənfi təsirlərini proqnozlaşdırıb:

“Avtomatlaşdırma və süni intellekt köhnə işləri əvəzləsə də, yeni sahələr və iş yerləri açacaq. Bu, təhsil sistemini də yeniliklərə uyğunlaşdıracaq. Bu texnologiyalar iş proseslərinin səmərəliliyini artıracaq və universitetlərdə təhsil keyfiyyətinin yüksəlməsinə kömək edəcək.

Lakin bunun təsiri ilə bəzi ixtisaslar tələb edilməyəcək və ənənəvi işlər üzrə ixtisaslaşmış şəxslər işsiz qala bilər. Bir çox universitetlər süni intellekt və avtomatlaşdırma texnologiyalarına uyğun proqramlara malik olmadığından tələbələr gələcəyin iş dünyasına hazır olmaya bilərlər”.

“Beləliklə, süni intellekt və avtomatlaşdırma gələcəkdə iş bazarını və universitetlərin təhsil modellərini köklü şəkildə dəyişəcək. Azərbaycan universitetləri bu dəyişikliklərə hazır olmaq üçün yeni ixtisaslar yaratmalı, mövcud proqramları təkmilləşdirməli və tələbələrə texnoloji sahədə güclü bacarıqlar qazandırmalıdırlar. Tələbələr isə ixtisas seçimi edərkən texnologiyaların təsirini nəzərə almalı və gələcəkdə davamlı iş imkanları olan sahələrə yönəlməlidirlər”, - deyə ekspert əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov isə bildirib ki, hələlik Azərbaycanın əmək bazarında süni intellektin tətbiqi ilə bağlı geniş fəaliyyətlər gözlənilmir:

“Hesab edirəm ki, bununla bağlı hansısa dövlət proqramı qəbul olunmalıdır. Müəyyən olunmalıdır ki, yaxın onillikdə biz hansı sahələrdə süni intellektin tətbiqini genişləndirməli, bununla bağlı fəaliyyətlər həyata keçirməliyik. Müvafiq icra hakimiyyəti orqanlarının bu istiqamətdə həyata keçirdiyi ümumi startaplar var.

Müəyyən işlər var ki, məsələn, bank xidmətləri, nəqliyyat sektoru, hava limanları, dəmiryol vağzallarında və digər yerlərdə müəyyən işləri robotlar həyata keçirə bilər. Eyni zamanda istesal sahələrində robotlaşma baş verə bilər. Lakin ümumilikdə sadalanan istiqamətlərdə süni intellektin geniş tətbiqi və bunun nəticəsində peşələrin sıradan çıxması gözlənilmir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ