Sizin reklam burada
Sizin reklam burada

Rüstəm Məbudoğlu:- Məktub yazmışam

Rüstəm Məbudoğlu:- Məktub yazmışam

Rüstəm Məbudoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Prezident Təqaüdçüsü", "Qızıl Qələm" Media Mükafatı Laureatı




Bir şeir yazım


Dedim, məhəbbətdən bir şeir yazım,
Elə yazım gərək, eşqə tən olsun.
Mənim məhəbbətim dünya qədərdir,
Nə yazsam əbədi, sevgidən olsun.
Sevgilim dilində, bəslə məni sən,
Bitim dodağında, sözündə sənin.
Axşamlar qolların üstündə yatım,
Oyanım hər səhər gözündə sənin.
Məni məhəbbətin odunda isit,
Başımı eşqinin önündə əyim.
Gəzim tellərinin arasında mən,
Gözlə darayanda yerə düşməyim.


Məktub yazmışam

Sənə məktub yazmışam,
Yazdım, görüm necəsən?
Bir də yazdım, məni heç,
Düşündünmü, gecə sən?!
İşin_ gücün necədir?
Nədir arzun, diləyin?
Canım qalıb yanında,
Mənim gözəl mələyim.
Sənsiz halım pərişan,
Əlim əlinə çatmır.
Gözlərimi yumuram,
Gözlərim axır, yatmır...
Gözləyirəm, cavab yaz,
Nagüman qoyma məni.
Ver gətirsin məktubu,
Mənə poçtalyon əmi!



Dünya

Məni salıb dağa, daşa,
Baxmamısan boya, yaşa,
Döz demisən, ölmə, yaşa,
Məni məndən alan, dünya.
Gecəmi zülmət eylədin,
Gözlərimə qəm ələdin,
Səndən arzu, kam dilədim,
Yolu etdin dalan, dünya.
Odum söndü, külüm qaldı,
Danışmadım, dilim laldı,
Həyat məni belə çaldı,
Sən olasan, talan, dünya.
Bu fələyin qəsdi nədi,
Əsən külək kəsdi məni,
Dara çəkdin, bəsdi məni,
Aldatdığın, yalan, dünya.
Artırdın qəmi, möhnəti,
Vurdun mənə hər minnəti,
Əlimdən saf məhəbbəti,
Alıb, məni çalan, dünya.
Bilməmişəm gündüz, gecə,
Yaşamışam, bilsən necə?!
Rüstəmi almadın vecə,
Oda, közə salan, dünya,
Sən olasan, talan, dünya.


Şeir yazmaq istəyirəm
Şeir yazmaq istəyirəm,
Vərəq- vərəq, sətir-sətir.
Elə yazım, hər kəlməsi,
Gül qoxusun, saçsın ətir.
Kimlərinsə xatirinə,
Şeir yazmaq istəmirəm.
Öz sözümdə, öz yazımda,
İtib, batmaq istəmirəm.
Həqiqətdən yazıram, mən,
Yalanları xışlayıram.
Haqsızlığı, nadanlığı,
Kəsəkləyib, daşlayıram.
Hər ağacın taleyindən,
Qismətindən yazıram, mən.
Təbiətə xor baxana,
Qələmlə gor, qazıram mən.
Yaşıl çəmən sinəsində,
Ocaq çatıb, dağ çəkəni.
Yandırıram qələmimlə,
Ay... səni namərd əkəni...
Əl çalıram gül əkənə,
Çiçəkləri suvarana.
Alqış düşür sənə hər an,
Ey şəhidi doğan ana.
Şeir yazım, sənə hər gün,
Ağ saçına, hər telinə.
Candan canı ayırmısan,
Bəxş etmisən öz elinə.
Əllərində qabar, atam,
Canım qurban, hər an sənə.
Xalq malını talayanı,
Ahın tutsun dönə-dönə.



Dözümü öyrət


Yaxşı öyrətmisən özünə məni,
Xumar baxışına, gözünə məni,
Bal kimi, şip-şirin sözünə məni,
Sən mənə bir az da, dözümü öyrət.
Öyrət dara düşsəm, sənsiz qalmağı,
Ətrini güllərdən çəkib, almağı,
Ürəkdən ürəyə körpü salmağı,
Sən mənə bir az da, dözümü öyrət.
Başımı dizinə qoymaqdan danış,
Mənə ulduzları saymaqdan danış,
Nəfsimi tutmaqdan, doymaqdan danış,
Sən mənə bir az da, dözümü öyrət.
Öyrət etibarı, vəfanı mənə,
Eşq üçün çəkilən cəfanı mənə,
Cəfadan alınan səfanı mənə,
Sən mənə bir az da, dözümü öyrət.
Təkcə sənsizliyə, qəmə öyrətmə,
Gözümdə şehlənən nəmə öyrətmə,
Vəfasız olmağı mənə öyrətmə,
Sən mənə bir az da, dözümü öyrət.


Getmə


Dayan, dayan getmə, a nazlı xanım,
Eşqimin oduna alışım, yanım,
Getsən ayrılığı, qismətmi, sanım?
Uzat əllərindən, yapışım, getmə.
Sənsiz fırlanacaq yerində başım,
Qəmdən çatılacaq kipriyim, qaşım,
Səni sevmək üçün yetərli yaşım,
Uzat əllərindən, yapışım, getmə.
Gedərsən, çətin ki, dözərəm sənsiz,
Düşüb Məcnun kimi gəzərəm sənsiz,
Bütün gözəllərdən bezərəm sənsiz,
Uzat əllərindən, yapışım, getmə.
Sızladar könlümü, ayrılığın bil,
Nə dodaq tərpənər, nə danışar dil,
Burax inadları, kədərimi sil,
Uzat əllərindən, yapışım, getmə.
Dayan, getmək üçün tələsmə belə,
Həsrəti dən edib, düzdürmə telə,
Gedərsən, ömrümü verərəm yelə,
Uzat əllərindən, yapışım, getmə.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ