Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev: Dühası hər bir azərbaycanlının taleyində yaşayan dahi

Heydər Əliyev: Dühası hər bir azərbaycanlının taleyində yaşayan dahi

«Liderləri qalib edən nədir? Elə bir konkret keyfiyyəti ayırmaq çətindir ki, o qalibi məğlubdan fərqləndirsin. Liderlik ətrafında yaranan situasiyalar müxtəlif olur. Hər bir böhran liderə meydan oxuyur. Amma qalib gələn liderlərə məğlubiyyətlə barışmamaq qabiliyyəti xasdır. Onlar üçün qalibiyyətin alternativi yoxdur, odur ki, qələbə yolunu əvvəlcədən düşünür və əllərində olan bütün ehtiyatlardan istifadə edərək bu yolla gedirlər.»

Əsrlərin sınağından çıxmış liderliyin «Qələbə qanunu»nun ifadəsi olan bu sözlər bütünlükdə türk dünyasının əvəzolunmaz lideri Heydər Əliyev şəxsiyyətində ifadəsini tapmışdır. İki mərhələ üzrə Azərbaycana başçılıq etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə, 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə respublikanın üzləşdiyi ən çətin, bəlkə də başqa dövlət başçılarının öhdəsindən gələ bilmədiyi problemləri aradan qaldıran ulu öndər Heydər Əliyev qətiyyət, cəsarət tələb edən «güclü həmlə» qanunundan bəhrələnməyi də bacarırdı. Keçmiş SSRİ tarixində Siyasi Büro üzvlüyündən uzaqlaşdırılanlar arasında Heydər Əliyev istisna şəxsiyyət idi ki, xalqının qəlbində əbədi yaşayır. Siyasi analitiklərin sözləri ilə deyilsə öz komandası olmayan keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ən güclü rəqibi ulu öndər Heydər Əliyev idi. Ermənilərin havadarı kimi artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»ni dəstəkləyən Qorbaçov ulu öndər Heydər Əliyevin zəkası qarşısında aciz olduğunu sonralar etiraf etmiş, onu təcrübəli siyasətçi adlandırmışdı. Siyasi fəaliyyəti dövründə «Bu sadəcə mümkün deyil! Bunu etmək olmaz!» sözləri dahi lider Heydər Əliyev üçün yad idi. «Əgər istək varsa, imkan da olacaqdır» ifadəsinin hikmətinə inanan ulu öndər Heydər Əliyev üçün Uinston Çörçillin bu sözləri daha xarakterik idi: « Və bax, budur dərs: Heç vaxt təslim olma… Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt… Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa.» Dərin təhlil, konseptual düşünmək, səbəb-nəticə əlaqələrini üzə çıxarmaq qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tarixdə az-az təsadüf olunan müdrik şəxsiyyətlərdən idi.

Kremldə çalışan, müxtəlif millətləri təmsil edən rəsmi şəxslərin o vaxt SSRİ Nazirlər Sovetinin Birinci müavini kimi ölkə iqtisadiyyatının ən ağır səhələrinə nəzarət edən Heydər Əliyev haqqında söylədikləri yüksək fikirlər Ulu Öndər haqqında yayılan böhtanlardan daha kəsərli və inandırıcı idi.

Siyasi və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş fenomen şəxsiyyət kimi tanınan Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanı iqtisadi tənəzzüldən xilas edən dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, milli təfəkkürü formalaşdırdı, güclü şəxsiyyət kimi xalqını vahid məfkurə ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Ölkədə siyasi sabitliyi, demokratik islahatları təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Azərbaycançılıq ideyasını milli –mənəvi dəyərlərimizi qoruyub təbliğ etməklə təkmilləşdirdi, Azərbaycanın müasir dünyada mövqeyini və yerini möhkəmləndirdi, . İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhranla üzləşən respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

«Düzgün adam həqiqəti hər yerdə deyir, ağıllı adam isə həqiqəti lazım olduğu zamanda söyləyir» müdrik kəlamının hikmətini əməlləri ilə təsdiqləyən, dövlətçilik salnaməmizi müdrikliyi ilə zənginləşdirən Ulu Öndər arzusunda olduğu istəklərini «Əsrin müqaviləsi» kimi qlobal layihəni reallaşdırmaqla həyata keçirdi.

10 oktyabr 1993-cü ilə Prezident kimi and içən ulu öndər Heydər Əliyevin «And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amllar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni edəcəyəm» sözlərini layiqli davamçısı Prezident İlham Əliyev «Dəmir yumruq» əməliyyatını Zəfərlə başa vurmaqla yerinə yetirdi. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatları daha geniş mənada davam etdirən , «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini Müzəffər Ali Baş Komandan kimi, qürurla səsləndirən Prezident İlham Əliyevin başçılığı ilə daha da qüdrətlənən Silahlı Qüvvələrimiz 44 gündə 30 illik əsarətə, Azərbaycan xalqının yurd həsrətinə son qoydu.

Ümumxalq məhəbbəti qazanmış, bitib-tükənməyən enerjisi ilə xalqını inkişaf yolu ilə irəliyə aparan Ulu Öndərin adı dünya siyasətçiləri, türk dünyası öndərlərinin ön sırasında çəkilir. «1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Əbəs yerə deyilmir ki, hər bir azərbaycanlının taleyində ulu öndər Heydər Əliyev dühasının bir zərrəsi vardır. XXI əsrin çağırışlarına hazır olan Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti zənginləşdirilir, vətəndaş həmrəyliyi formalaşır, cəmiyyət vahid amal uğrunda birləşir.

44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən idi. Ulu Öndər bildirirdi ki, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi. Muxtar respublikanın 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında sədr kimi çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın o vaxtkı hökumətinin gərgin fəaliyyəti, ciddi mövqeyi və Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın muxtariyyatı təsdiqləndi, qərar qəbul olundu. Ulu öndər Heydər Əliyev Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini bu sözləri ilə diqqətə çatdırırdı: « İndi görürsünüz, tarixi nöqteyi nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyat verilmişdir.» Ulu Öndər xalq, dövlət qarşısında heç bir xidməti olmayan səbatsız siyasətçilərin, cılız düşüncəyə malik bəzi nankorların Naxçıvanın muxtariyyatının əleyhinə çıxmalarını xəyanət adlandırırdı. «Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq» söyləyən Prezident İlham Əliyevin sözləri Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə Qars müqaviləsini təzələyən Ulu Öndərin istəklərinin yerinə yetirilməsidir. Ulu Öndər hələ o dövrdə inanırdı ki, Zəngəzur dünənimiz olduğu kimi, həm də sabahımızdır. «CNN Türk»ə müsahibəsində Şuşanın alınmasını möcüzə adlandıran, təkcə Şuşa ilə deyil, işğal altında qalan bütün torpaqların azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyini «Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım» sözləri ilə bildirən Prezident İlham Əliyev layiqli davamçı olduğunu qətiyyəti ilə təsdiqlədi.

Bu gün dekabrın 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür.

Allah rəhmət eləsin!

Əkrəm Babayev,
15 saylı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ