Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir


Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. On il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu on ildə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.

Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki, onların heç biri Azərbaycanda yox idi.

Azərbaycan müstəqil xarici siyasət apara bilmirdi, başqa dövlətlərin təsiri altında idi. Müstəqil iqtisadiyyat, demək olar ki, yox idi, ümumiyyətlə, iqtisadiyyat dağılmış vəziyyətdə idi. Dövlətçiliyin əsasları yaradılmamışdı. Belə olan halda Azərbaycanı 1993-cü ilə qədər müstəqil dövlət saymaq düzgün olmazdı.

Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.

1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Nə üçün? Bir neçə səbəb var idi. İlk növbədə, Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmışdır, sovet rəhbərliyinin bu cinayətini pisləmişdir, onu qınamışdır. Sovet rəhbərliyini ittiham etmişdir, Kommunist Partiyasından imtina etmişdir, onun sıralarını tərk etmişdir və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir.

Bütün bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

Əminəm ki, gələcəkdə bu siyasət uğurla davam etdiriləcəkdir. Bizim qarşımızda bütün yollar, bütün üfüqlər açıqdır, aydındır. Biz irəliyə gedirik, inkişafa doğru gedirik, bundan sonra da Azərbaycanı Heydər Əliyev siyasəti ilə idarə edəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini bundan sonra da təmin edəcəyik. Allah Ulu Öndərə rəhmət etsin.


Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

Səxavət Məmmədov,
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş