“Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsində tam müasir avadanlıqlarla təminat işləri həyata keçirilib. Yeni avadanlıqlar sözügedən poliklinikalarda fəaliyyətə başlayıb”.
Bu sözləri baku.ws-ə açıqlamasında Bakı Şəhər Səhiyyə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
O əlavə edib ki, yaxın dövr ərzində yeni avadanlıqlarla təchiz edilmiş poliklinikaların sayı daha da artacaq:
“Ümumilikdə Bakı şəhəri üzrə 104 tibb müəssisəsi fəaliyyət göstərir. Zamanla onların hamısında həmin laboratoriyalar fəaliyyətə başlayacaq.
Bu gün TƏBİB-in nəzdində olan böyük tibb müəssisələrində hansı analizləri vermək mümkündürsə, ilkin tibbi xidmət göstərən poliklinikalarda da həmin analizləri vermək mümkün olacaq. Bu laboratoriyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”nə daxil olan 131 növ analizlərin tam və dəqiq şəkildə verilməsi real olacaq. Demək olar ki, bütün analizlər bu müəssisələrdə olacaq.
Buna görə vətəndaşlardan heç bir ödəniş tələb oluna bilməz. İşləyib-işləməməsindən, təqaüdçü və ya azyaşlı olmasından asılı olmayaraq, hər kəs bu xidmətdən pulsuz istifadə edəcək”.