Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun şəhadətindən 31 il ötür

Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun şəhadətindən 31 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun şəhid olduğu gündür.

Oxu.Az xəbər verir ki, Şikar Şükür oğlu Şikarov 1953-cü il dekabrın 3-də Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini vəzifəsini icra edib.

Şikar Şikarov 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirib. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlayıb.

1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olub, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilib.

Ailəli olub. İki övladı var.

1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıdan Şikar Şikarov əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin birinci müavini təyin edilib. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik edib, uğurlu əməliyyatlar keçirib.

1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı Fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Əslən Qobustan rayonundakı Sündü kəndindən olduğuna görə kənd məktəbinə şəhidin adı verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ